22 iyul 2026 00:58
84

Aqrar sahədə məhsuldarlığa təkan verən əsas amil

Son 20 ildə fermerlərə lizinq yolu ilə 96 mindən artıq kənd təsərrüfatı texnikası verilib

Texniki təminat aqrar sahənin inkişafı üçün hər zaman xüsusi əhəmiyyət kəsb edib. Bu mənada son illər ölkəmizdə kənd təsərrüfatı texnikası parkının əsaslı şəkildə yenilənməsi fermerlərin istehsal imkanlarını əhəmiyyətli dərəcədə genişləndirib. Yeni nəsil kombaynlar, traktorlar, toxumsəpən və becərmə texnikaları əkin və məhsul yığımı proseslərini daha operativ və keyfiyyətli həyata keçirməyə imkan verib. Bunun nəticəsində məhsul yığımında itkilərin xeyli azalması və torpaqdan daha səmərəli istifadə edilməsi reallaşıb.

Bu məsələdə diqqətçəkən mühüm məqamlardan biri də Azərbaycanın artıq bəzi kənd təsərrüfatı texnikalarını ölkə daxilində istehsal etməsidir. Yerli istehsal idxaldan asılılığın azalmasına, ehtiyat hissələrinin əlçatanlığının yaxşılaşmasına və texniki xidmət xərclərinin aşağı düşməsinə şərait yaradır. Bu isə fermerlərin istehsal xərclərinin optimallaşdırılmasına və aqrar sektorun iqtisadi dayanıqlılığının möhkəmlənməsinə xidmət edir. Təbii ki, texniki təminat yalnız maşın və mexanizmlərlə məhdudlaşmır. Aqrar istehsalın məhsuldarlığında mineral gübrələrin rolu da olduqca böyükdür. Bu baxımdan ölkədə Karbamid zavodunun fəaliyyətə başlaması strateji əhəmiyyət daşıyır. Yerli azot gübrəsi istehsalı isə daxili tələbatın ödənilməsinə, idxal xərclərinin azaldılmasına və ixrac imkanlarının yaranmasına şərait yaradır.

Bu gün kənd təsərüfatının inkişafında inovativ layihlərdən və süni intellektdən də istifadə ölkə fermerlərinin qarşısında bir tələb kimi irəli sürülüb. Xüsusilə inkişaf etmiş ölkələrin təcrübəsindən yararlanmaq zərurəti yaranıb. Məsələn, İsrail uzun illərdir ki, su qıtlığı şəraitində damcı-suvarma texnologiyaları, rəqəmsal monitorinq sistemləri və aqrar innovasiyalar hesabına dünyanın ən məhsuldar kənd təsərrüfatı ölkələrindən birinə çevrilib. ABŞ-da peyk monitorinqi, aqrodronlar, süni intellekt  əsasında əkin proseslərinin idarə olunmasına başlanılıb. Yaponiya və Cənubi Koreyada robotlaşdırılmış kənd təsərrüfatı, avtomatik texnika və sensor sistemləri vasitəsilə əmək məhsuldarlığı əhəmiyyətli dərəcədə yüksəlib. Avstraliya və Avropa İttifaqı ölkələrində isə iqlim dəyişikliklərinə uyğunlaşma siyasətinə xüsusi diqqət yetirilir. Burada su resurslarının səmərəli idarə olunması, torpaq münbitliyinin qorunması, karbon emissiyalarının azaldılması və ekoloji cəhətdən təmiz istehsal texnologiyalarının tətbiqi aqrar siyasətin əsas istiqamətlərindən hesab olunur.

Azərbaycan da son illərdə məhz bu beynəlxalq tendensiyalara uyğun inkişaf yolu seçib. Yəni, aqroparkların yaradılması, iri fermer təsərrüfatlarının formalaşdırılması, kooperasiya mexanizmlərinin genişləndirilməsi və istehsal-emal-logistika zəncirinin inteqrasiyası istehsal modelinin inkişafına mühüm təkan verib. Ölkəmizdə fermerlərin texniki vasitələrə çıxış imkanlarının genişləndirilməsi də diqqət mərkəzindədir. Belə ki, 2005–2025-ci illərdə  96 mindən artıq kənd təsərrüfatı texnikası lizinq yolu ilə fermerlərə verilib. Qeyd edək ki, bu gün bölgələrdə ümumi tutumu 400 min ton olan soyuducu anbarlar, 1,9 milyon ton tutuma malik taxıl elevatorları və logistika infrastrukturu yaradılıb, meliorasiya tədbirləri nəticəsində 483 min hektar sahədə su təminatı yaxşılaşdırılıb, 204 min hektar suvarılan torpaq sahəsi istifadəyə verilib. Həmçinin müasir suvarma sistemlərinin tətbiqi genişləndirilib.

Son illərdə aqrar sektorda rəqəmsal transformasiya da yeni mərhələyə qədəm qoyub. «Elektron kənd təsərrüfatı» informasiya sisteminin tətbiqi genişlənib, subsidiya mexanizmi tam rəqəmsallaşdırılıb, aqrar sığorta sahəsində dövlət-özəl tərəfdaşlığı modeli formalaşdırılıb. Eyni zamanda, «ağıllı» istixanalar, aqrodronlar, sensor sistemləri, peyk müşahidələri və avtomatlaşdırılmış idarəetmə texnologiyaları tədricən fermerlərin gündəlik fəaliyyətinin ayrılmaz hissəsinə çevrilib.

Bütün bunlar müsbət tərəflərdir. Lakin bu sahənin hələ də həllini gözləyən məsələləri də var. Belə ki,  iqlim dəyişiklikləri, su ehtiyatlarının azalması və kiçik təsərrüfatların üstünlük təşkil etməsi müasir texnologiyaların geniş tətbiqini müəyyən qədər məhdudlaşdırır. Buna görə də gələcək də kooperasiya mexanizmlərinin genişləndirilməsi, rəqəmsal torpaq xəritələrinin hazırlanması, «ağıllı» suvarma sistemlərinin tətbiqi, aqrar elmin istehsalla inteqrasiyasının gücləndirilməsi və innovativ maliyyələşdirmə vasitələrinin inkişafı xüsusi aktuallıq kəsb edəcək.

Beləliklə, məhz aqrar sektorun texniki təminatının gücləndirilməsi təkcə fermerlərin istehsal imkanlarının artırılması demək deyil. Bu, həm də ərzaq təhlükəsizliyinin etibarlı təmin olunması, ixrac potensialının genişləndirilməsi, kənd yerlərində sosial rifahın yüksəldilməsi, qeyri-neft sektorunun  inkişaf etdirilməsi, bir sözlə, ölkəmizin  qlobal aqrar bazarlarda rəqabət qabiliyyətinin artırılması baxımından önəmlidir.  

Elçin Zaman, «İki sahil»