16 iyul 2026 14:50
173

YAP Kürdəmir rayon təşkilatının yaradılmasının 33-cü ildönümü ilə əlaqədar tədbir keçirilib

İyulun 16-da"Şəhərsalma və Memarlıq İli" çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) Kürdəmir rayon təşkilatının təsis edilməsinin 33-cü ildönümünə həsr olunmuş tədbir keçirilib.

“İki sahil” xəbər verir ki, əvvəlcə Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Elşən Həsənli, YAP Kürdəmir rayon təşkilatının sədri Ayaz Cəbrayılov, Şəhid ailələri, ərazi partiya təşkilatlarının sədrləri, partiya veteranları və partiya üzvləri Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüb, dahi şəxsiyyətin əziz xatirəsini dərin ehtiramla yad ediblər.

YAP Kürdəmir rayon təşkilatının inzibati binasında keçirilən tədbirdə Yeni Azərbaycan Partiyasının banisi Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin, eləcə də vəfat etmiş partiya üzvlərinin xatirəsi bir dəqiqəlik sükutla anılıb. Ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Sonra Yeni Azərbaycan Partiyasının yaranma tarixini, Yeni Azərbaycan Partiyasının keçdiyi şərəfli yolu əks etdirən videoçarx nümayiş olunub.

YAP Kürdəmir  rayon təşkilatının sədri Ayaz Cəbrayılov çıxış edərək rayon təşkilatının ötən illər ərzində həyata keçirdiyi fəaliyyət, əldə olunan nəticələr və qarşıda duran vəzifələr barədə ətraflı məlumat verib. O, əlamətdar gün münasibətilə bütün partiya üzvlərini təbrik edib, onlara möhkəm cansağlığı, ictimai-siyasi fəaliyyətlərində uğurlar və dövlətimizin inkişafı naminə yeni nailiyyətlər arzulayıb. 

Ayaz Cəbrayılov bildirib ki, hazırda rayon təşkilatımızda 50 ərazi partiya təşkilatı fəaliyyət göstərir. Həyata keçirilən səmərəli tədbirlərin nəticəsində ərazi partiya təşkilatlarımızın böyük əksəriyyəti öz işini partiyanın bu günkü tələbləri səviyyəsində qurmağa nail olmuşdur. Rayon təşkilatının maliyyə mənbəyi olan partiya üzvlük haqlarının Nizamanamə tələbinə uyğun olaraq toplanması təmin edilmişdir. Hazırda rayon təşkilatı üzrə YAP üzvlərinin sayı 10158 nəfərdir. Prezident  İlham Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyası ölkəmizin ən güclü siyasi qüvvəsi statusunu daşıyır. Partiyamızın sıralarında 755  mindən çox insanın birləşməsi də bu faktı təsdiqləyir.

Kürdəmir Rayon İcra Hakimiyyəti başçısının müavini, Partiyanın Veteran üzvü Ağali Kərimli çıxışında vurğulayıb ki, Yeni Azərbaycan Partiyasının qısa müddətdə ümumxalq partiyasına çevrilməsinin əsas səbəbi xalqın Ümummilli Lider Heydər Əliyevə olan sonsuz etimadı və sevgisi idi. O qeyd edib ki, xalq məhz Heydər Əliyevin ətrafında sıx birləşərək Azərbaycanın sabitliyini, inkişafını və gələcəyini təmin edə bilib.

Tədbirdə çıxış edən Şəhid anası, YAP üzvü Müşgünaz Həziyeva, Partiyanın Veteran üzvləri Həsən Hidayətov, Qasım Hüseynov, Kürdəmir Gənclər evi” sosial xidmət müəssisəsinin direktoru, “Bakı prospekti 20” ərazi partiya təşkilatının  sədri Nicat Ağarəhimov Yeni Azərbaycan Partiyasının yaranmasının tarixi zərurət olduğunu bildirərək, təşkilatın keçdiyi şərəfli və məsuliyyətli inkişaf yolundan geniş bəhs ediblər. Vurğulayıblar ki, Ulu Öndər Heydər Əliyevin yaradıcısı olduğu Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin rəhbərliyi ilə müstəqillik yolunda inamla irəliləyir, Azərbaycanın hərtərəfli inkişafına mühüm töhfələr verir.

Tədbir çərçivəsində ictimai-siyasi fəaliyyəti ilə fərqlənən fəal partiya üzvləri “Fəxri Fərman”larla təltif olunub.

Tədbir Yeni Azərbaycan Partiyasının himninin səsləndirilməsi ilə başa çatıb.