"Sotheby’s" hərrac evində vaxtilə Ayda olmuş kiçik SSRİ bayrağı 80 min dollara satılıb.
“İki sahil” xəbər verir ki, hərrac evinin rəsmi saytında yer alan məlumata görə, bu bayrağı 1969-cu ilin iyulunda "Apollo 11" kosmik gəmisi ilə Aya tarixi uçuş zamanı amerikalı astronavt Bazz Oldrin özü ilə aparıb.
Təxminən 10x15 sm ölçüdə olan bu unikal eksponata mütəxəssislər ilkin olaraq 7–10 min dollar qiymət qoymuşdular. Lakin kolleksionerlərin gərgin mübarizəsi nəticəsində son qiymət gözləniləndən xeyli yüksək olub. Bayrağın küncündə astronavtın öz dəst-xətti ilə imzaladığı "Apollo 11 ilə Aya uçub" qeydi yer alır. Lotun tərkibinə həmçinin bayrağın həqiqiliyini təsdiqləyən rəsmi məktub da daxil edilib.
Bazz Oldrin öz məktubunda sovet bayrağını missiya inventarına daxil etmək qərarını tamamilə şəxsi təşəbbüsü ilə verdiyini vurğulayıb:
"Bu bayrağı özümlə götürmək bir xoşməramlı jest idi. Bununla həm də 'Apollo 11' missiyasının hər hansı milli sərhədləri aşan, bütün bəşəriyyətin ortaq nailiyyəti olduğunu nümayiş etdirmək istəyirdim."