15 iyul 2026 15:53
203

Bakı-Bratislava əməkdaşlığı qlobal müstəvidə yeni inkişaf mərhələsinə yüksəlir - Kamran Bayramov

Müasir mərhələdə Azərbaycanın xarici siyasətində Avropa ölkələri ilə ikitərəfli, bərabərhüquqlu və qarşılıqlı maraqlara söykənən münasibətlərin gücləndirilməsi mühüm prioritet təşkil edir. Bu kontekstdə Mərkəzi Avropanın aparıcı dövlətlərindən biri olan Slovakiya ilə əlaqələr tamamilə yeni strateji tərəfdaşlıq mərhələsinə yüksəlib. İki ölkə arasında formalaşan səmimi və yüksək səviyyəli siyasi dialoq bu gün iqtisadiyyat, energetika, hərbi-texniki tərəfdaşlıq və işğaldan azad edilmiş ərazilərin yenidən qurulması sahələrində konkret layihələrlə praktiki müstəviyə keçir. Bakı ilə Bratislava arasındakı bu dinamik inkişafın əsas hərəkətverici qüvvəsi isə, şübhəsiz ki, dövlət başçılarının müntəzəm xarakter alan qarşılıqlı səfərləri və ortaq siyasi iradəsidir. Bu baxımdan, Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrinin ölkəmizə rəsmi səfəri və iyulun 14-də qədim Şuşa şəhərində Prezident İlham Əliyevlə keçirdiyi tarixi görüş iki ölkə arasındakı sarsılmaz tərəfdaşlığın növbəti əyani təsdiqinə çevrildi.

Bu fikirləri Milli Məclisin deputatı Kamran Bayramov “İki sahil”ə açıqlamasında bildirib.

K.Bayramov qeyd edib ki, Slovakiya-Azərbaycan əlaqələrinin dinamik inkişafı hər iki tərəfin səmimi niyyətini və güclü siyasi iradəsini ortaya qoyur. İki ölkə arasında genişlənən əməkdaşlıq gündəliyi təkcə bəyanatlarla məhdudlaşmır, həm də konkret praktiki addımlarla müşayiət olunur. 2024-cü ildə imzalanmış "Strateji tərəfdaşlığın yaradılması haqqında Birgə Bəyannamə" bu gün real layihələr və fəal siyasi təmaslar vasitəsilə uğurla icra edilməkdədir. Slovakiyanın işğaldan azad edilmiş Qarabağın bərpasında fəal iştirakı ölkələrimiz arasındakı dostluğun ən bariz nümunəsidir. Dövlət başçılarının Ağdamın Baş Qərvənd kəndində Slovakiya şirkəti tərəfindən icra olunan “Ağıllı kənd” layihəsinin təqdimatı ilə tanışlığı bu böyük töhfənin əyani təsdiqidir. Slovakiya Prezidentinin səfər proqramına Qarabağı daxil etməsi həm də beynəlxalq birliyin Azərbaycanın ərazi bütövlüyünə və apardığı genişmiqyaslı quruculuq işlərinə verdiyi yüksək qiymətdir.

Deputat  diqqətə çatdırıb ki, iki ölkə arasında iqtisadi-ticari əlaqələr, energetika və hərbi-texniki tərəfdaşlıq kimi ənənəvi əməkdaşlıq sahələri öz prioritetliyini qoruyur. Dövlətimizin başçısı cənab İlham Əliyevin də bəyan etdiyi kimi, Slovakiya Prezidentinin hələ əvvəlki mühüm dövlət vəzifələrində - həm Baş nazir, həm də parlament sədri kimi Azərbaycana etdiyi səfərlər onun ölkəmizə olan xüsusi rəğbətinin göstəricisidir. Bu ardıcıl təmaslar iki dövlət arasında qurulan sarsılmaz tərəfdaşlığın mühüm təməlini təşkil edir. Şübhəsiz ki, reallaşan bu son rəsmi səfər hər iki ölkənin qarşılıqlı maraqlarına xidmət edən yeni və daha böyük uğurların başlanğıcı olacaqdır.

K.Bayramov  əlavə edib ki, Bir zamanlar işğalın və dağıntıların şahidi olan qədim Şuşa şəhəri bu gün böyük quruculuğun və beynəlxalq dostluğun mərkəzinə çevrilməkdədir. Slovakiya Prezidenti Peter Pelleqrininin Qarabağ torpağında qarşılanması və iki ölkə rəhbərinin burada səmimi bəyanatlarla çıxış etməsi tarixin yeni səhifəsini yazdı. Azad olunmuş ərazilərdə ucalan hər bir yeni bina və Slovakiya layihəsi əsasında salınan “ağıllı kənd” bu dostluğun sarsılmaz təməllərini gələcək nəsillərə ötürəcəkdir. Bu görüş bir daha sübut etdi ki, sülh, əməkdaşlıq və qarşılıqlı hörmət hər iki dövləti daha böyük və parlaq gələcəyə aparan ən doğru yoldur.