Ulu Öndər Heydər Əliyevin Azərbaycanda birinci dəfə siyasi hakimiyyətə gəlişinin ildönümü münasibətilə YAP Ağdaş rayon təşkilatı tərəfindən silsilə tədbirlər uğurla davam etdirilir.
“İki sahil” xəbər verir ki, növbəti tədbir rayon Heydər Əliyev Mərkəzində yerləşən Heydər Əliyev muzeyində bir qrup partiya fəalının iştirakı ilə keçirilib. Muzeyin əməkdaşları tərəfindən partiya fəallarına dahi şəxsiyyətin zəngin ömür yolu və çoxşaxəli siyasi fəaliyyəti barədə ətraflı məlumat verilib.
Çıxışlarda xüsusilə Ümummilli Liderin müxtəlif illərdə Ağdaş rayonuna etdiyi tarixi səfərlər, rayon sakinləri ilə unudulmaz görüşləri xatırlanıb. Heydər Əliyevin Ağdaşın sosial-iqtisadi və mədəni inkişafına göstərdiyi xüsusi diqqət və qayğı tarixi faktlar, nadir fotoşəkillər və sənədlər vasitəsilə tədbir iştirakçılarının diqqətinə çatdırılıb.
YAP Ağdaş rayon təşkilatının sədri Əlişah Rəcəbov fəallarla görüşdə Ulu Öndər Heydər Əliyev ideologiyasının müasir Azərbaycanın qazandığı uğurların təməli olduğunu vurğulayıb, Ümummilli Liderin zəngin dövlətçilik irsinin gənc nəslə aşılanmasının önəmini qeyd edib.
Tədbir çərçivəsində partiya üzvləri muzeydə nümayiş etdirilən eksponatlarla yaxından tanış olublar.
Sonda xatirə şəkilləri çəkilib.