14 iyul 2026 18:16
111

Sümsük Borrelin sonu...- ŞƏRH

“Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə keçmiş Ali Nümayəndəsi Cozep Borrellin rəhbərliyi dövründə Azərbaycanla bu qurum arasındakı münasibətlər, demək olar, tam uçuruma gedib.”

Bu fikirləri Prezident İlham Əliyev "Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması" mövzusunda keçirilən IV Şuşa Qlobal Media Forumunun açılış mərasimində çıxışında söyləyib.

Qeyd edək ki, separatizmə qanad verən Borrel tək deyil. Başqaları da var ki, müvəqqəti də olsa haqq-ədalətə kölgə salırlar. Belələri şəxsi mənafeləri üçün hamılıqla qəbul olunmuş qanun-qaydaları ayaqlayır, vicdanlarını satırlar. Nəticədə işğala və təhdidlərə məruz qalmış xalqlar və ölkələr beynəlxalq qaydaların pozulduğunu açıq görür və təşkilatlara ümidlərini itirirlər. Beynəlxalq təşkilatlarda yuva salmış korrupsioner siysətçilərin alveri haqda sirləri gizlətmək daha mümkün deyil. İrəvan konyakına dadanmış üzdəniraq sümsük diplomat simasını pula və bir qurtum içkiyə dəyişib. Dövlətimizin başçısı korrupsioner Borrel haqqında daha sonra deyib: "O müəyyən maliyyə mənbəyindən yararlanırdı. Erməni oliqarxı Ermənistanla bağlı məsələlərdə ona dəstək verib. Bütün bu anti-Azərbaycan qrupu Avropa Komissiyasında mövcud idi. Ümid edirik ki, Borrel birdəfəlik siyasətdən gedib. O vaxtdan bəri bizim münasibətlər yaxşılaşmağa başladı".

Bəli, Borrel vəzifədən rədd olub gedəndən sonra Avropa Komissiyası müəyyən qədər təmizlənib. Onun barmaq işarəsi ilə oturub-duran diplomatlar indi mat vəziyyətdə qalıblar. Yeni rəhbərliyin Azərbaycana xoş münasibəti və səfərləri o deməkdir ki, ölkəmizə qarşı etdikləri ədalətsizlikdən peşman olublar. Belə də olmalı idi. 79 yaşlı bu adamın alçaq fəaliyyəti ilə bütöv bir beynəlxalq təşkilat gözdən düşmüşdü. Son illərdə ölkələr bu təşkilatdan üz döndərib tərk edirdilər. Çünki Cozep Borrel vəzifə səlahiyyətlərini aşaraq ölkələri təhdid etməkdən belə çəkinmirdi. O, özünü külli-ixtiyar sahibi, xalqların ağası kimi aparırdı.

Prezident vurğulayıb ki, xüsusilə, qarşılıqlı şəkildə münasibətlərin yenidən başlanmasına böyük bir ehtiyac olduğunu gördük: "Biz bunu dəstəklədik. Bu ilin bir neçə ay ərzində Brüsseldən bura bir sıra səfərlər oldu. Martda Avropa İttifaqı (Aİ) Şurasının sədri Antonio Koşta gəldi, daha sonra xanım Kallas, iyulda isə Avropa Komissiyasının sədri Ursula fon der Lyayen gəldi. Onların ictimai şərhlərində və mənim bəyanatlarımda görə bilərsiniz ki, hər iki tərəf əməkdaşlıq səviyyəsindən razıdır. Tərəfdaşlıq sahələrinə gəldikdə onlar vacibdir. Bizim tək ikitərəfli münasibətlərimizə aid deyil".

Bu məlumatlar yaddaşımıza ATƏT-in Minsk qrupunun otuz ilə yaxın müddətdə Azərbaycanı təslimçiliyə aparan fəaliyyətsizliyini salır. Üç həmsədr ildə bir-iki dəfə Azərbaycan-Ermənistan münaqişə zonasına gəlir, real olmayan planlar təklif etməklə vaxtı uzadırdılar. Onlar Azərbaycanı xəbərdar edərək bildirirdilər ki, münaqişənin hərbi yolla həlli yoxdur. Bəs  Ermənistan hərbi yolla Azərbaycanın 20 faiz ərazisini işğal edəndə niyə etiraz etmədilər? Niyə işğalçıya “dur” demədilər? Bu, həmin Borrel idi ki, işğala məruz qalmış, bir milyon vətəndaşı qaçqın və məcburi köçkünə çevrilmiş, soyqırım törədilmiş Azərbaycanı üstəlik günahkar da çıxarırdı. Bu, artıq vicdanın tamamilə itirilməsi deməkdir. Özünün iki övladı barədə ədalətsizlik edilsə Borrel dözərdimi? Əlbəttə, dözməzdi. Bəs onda minlərlə azərbaycanlı gəncin öldürülməsinə və şikəst edilməsinə qarşı etiraz səsini niyə qaldırmırdı? 250 min nəfərdən artıq azərbaycanlının tarixi vətənindən-Ermənistandan deportasiya edilməsini pisləmirdi, haqq-ədalətin bərpa edilməsi tələbini irəli sürmürdü, heç olmasa müzakirəyə çıxarmırdı? Körpələrin göz yaşlarından, anaların fəryadından təsirlənməyənə necə insan demək olar? O, xalqımızın əbədilik lənətini qazanıb. Cəhənnəmə də o lənətlə gedəcəkdir.

Vəli İlyasov, “İki sahil”