“IV Şuşa Qlobal Media Forumu bir daha nümayiş etdirdi ki, müasir dövrdə informasiya məkanı qlobal siyasətin ayrılmaz tərkib hissəsinə çevrilib”.
“İki sahil” xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Kamaləddin Qafarov mətbuata açıqlamasında deyib.
O, bildirib ki, dünyanın müxtəlif ölkələrindən media nümayəndələrinin, ekspertlərin və beynəlxalq təşkilatların təmsilçilərinin Şuşada bir araya gəlməsi Azərbaycanın təşəbbüsü ilə formalaşan yeni beynəlxalq dialoq platformasının artıq davamlı xarakter aldığını göstərir. “Forumun “Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusuna həsr edilməsi isə təsadüfi deyil. Bu gün beynəlxalq münasibətlərdə etimadın qorunması, dezinformasiyanın qarşısının alınması və həqiqətin müdafiəsi hər zamankından daha böyük əhəmiyyət daşıyır.”
Millət vəkilinin sözlərinə görə, Prezident İlham Əliyevin Forumun açılışındakı çıxışında səsləndirdiyi fikirlər Azərbaycanın informasiya siyasətinin əsas prioritetlərini aydın şəkildə ortaya qoydu: “Dövlət başçısı vurğuladı ki, informasiya manipulyasiyalarının geniş yayıldığı indiki şəraitdə medianın üzərinə daha böyük məsuliyyət düşür. Həqiqətin təhrif edilməsinin qarşısının alınması, ictimai etimadın möhkəmləndirilməsi və peşəkar jurnalistika prinsiplərinin qorunması yalnız ayrı-ayrı dövlətlərin deyil, bütün beynəlxalq ictimaiyyətin ortaq maraqlarına xidmət edir.
Şuşanın belə bir beynəlxalq tədbirə ev sahibliyi etməsi də xüsusi siyasi məna daşıyır. Vaxtilə işğalın və dağıntıların simvoluna çevrilmiş şəhər bu gün beynəlxalq əməkdaşlıq, fikir mübadiləsi və qlobal media dialoqunun mühüm mərkəzlərindən biri kimi çıxış edir. Bu fakt Azərbaycanın azad olunmuş ərazilərdə həyata keçirdiyi genişmiqyaslı bərpa və quruculuq işlərinin beynəlxalq ictimaiyyət tərəfindən yaxından izlənildiyini və yüksək qiymətləndirildiyini göstərir. Son illərdə Şuşada keçirilən beynəlxalq tədbirlər artıq ənənəyə çevrilib. Qlobal Media Forumu da bu ənənənin mühüm hissəsidir. Burada müxtəlif baxışların, fərqli media məktəblərinin və müxtəlif coğrafiyaları təmsil edən jurnalistlərin açıq dialoqa cəlb olunması Azərbaycanın beynəlxalq əməkdaşlığa verdiyi önəmi nümayiş etdirir. Belə platformalar yalnız peşəkar təcrübə mübadiləsinə deyil, həm də xalqlar arasında qarşılıqlı anlaşmanın möhkəmlənməsinə xidmət edir. Müasir dövrdə informasiya təhlükəsizliyi milli təhlükəsizliyin əsas istiqamətlərindən biri hesab olunur. Süni intellekt texnologiyalarının sürətlə inkişaf etdiyi, saxta məlumatların və manipulyativ informasiya axınlarının artdığı bir şəraitdə medianın məsuliyyətli fəaliyyəti xüsusi aktuallıq qazanır. Bu baxımdan Prezident İlham Əliyevin Forum çərçivəsində səsləndirdiyi yanaşmalar təkcə Azərbaycan üçün deyil, qlobal media məkanı üçün də aktual çağırışlar kimi qiymətləndirilə bilər. IV Şuşa Qlobal Media Forumu göstərir ki, Azərbaycan artıq təkcə regional siyasi proseslərin deyil, beynəlxalq informasiya gündəliyinin formalaşmasına da töhfə verən ölkələr sırasında yer alır. Şuşadan dünyaya ünvanlanan əsas mesaj isə aydındır: sülhün möhkəmləndirilməsi, etimadın bərpası və həqiqətin müdafiəsi yalnız məsuliyyətli media, açıq dialoq və beynəlxalq əməkdaşlıq şəraitində mümkün ola bilər”.