14 iyul 2026 15:28
109

İran mobil telefonlar vasitəsilə ABŞ hərbçilərini izləməyə cəhd edib

Yaxın Şərqdə fəaliyyət göstərən mobil operatorlar uzun müddətdir ki, İran tərəfindən daimi və kütləvi kiberhücumlara məruz qalırlar. Rəsmi Tehran bu hücumlar vasitəsilə hələ Fars körfəzində hərbi əməliyyatlar başlamazdan əvvəl və münaqişə dövründə ABŞ hərbçilərinin dəqiq yerini (geolokasiyasını) izləməyə cəhd göstərib.

“İki sahil” xəbər verir ki,  bu barədə "Financial Times" (FT) qəzeti kiber təhlükəsizlik mütəxəssislərinə və vəziyyətlə yaxından tanış olan rəsmi şəxslərə istinadla məlumat yayıb.

Kibertəhlükəsizlik sahəsində araşdırmalar aparan "Citizen Lab" təşkilatının baş elmi işçisi Qeri Miller qəzetə açıqlamasında mövzunun ciddiliyini belə şərh edib: "Şübhəsiz ki, İran ABŞ hərbçilərinin yerləşdiyi yer barədə operativ, dərhal və kəsintisiz məlumat əldə etmək üçün bütün texniki imkanlara malik idi. Əgər onlar Amerika istifadəçilərini izləmək üçün SS7 protokolundan istifadə etməyiblərsə, mən buna çox təəccüblənərdim".

SS7 - bütün dünyada mobil şəbəkələri bir-birinə bağlayan beynəlxalq texniki standartdır. Bu sistem fərqli operatorların istifadəçilərinin bir-birinə zəng etməsinə və xarici ölkələrdə rouminq xidmətindən istifadəsinə imkan yaradır.

Hakerlər bu protokoldakı boşluqlardan istifadə edərək sistemə xüsusi sorğular göndərir və rouminqdə olan istənilən telefonun coğrafi koordinatlarını asanlıqla təyin edə bilirlər. Qəzetin yazdığına görə, İsrail və ABŞ-ın İrana qarşı hərbi əməliyyatlara hazırlaşdığı ərəfədə və münaqişə başladıqdan sonra yerli mobil operatorlar sistemə daxil olan saysız-hesabsız bu cür casusluq sorğularını bloklamalı olublar.

Düşmən tərəfinin adi rouminq sistemləri vasitəsilə ABŞ qoşunlarının hərəkət trayektoriyasını izləyə bilməsi ehtimalı amerikalı qanunvericiləri ciddi şəkildə narahat etməyə başlayıb. Öz növbəsində, ABŞ ordusunun nümayəndələri mövzu ilə bağlı detalları açıqlamasalar da, "qoşunların təhlükəsizliyini təmin etmək üçün analoqu olmayan və görünməmiş müdafiə tədbirlərinin" görüldüyünü bəyan ediblər.