13 iyul 2026 18:22
145

Şuşa IV Qlobal Media Forumu: Dezinformasiya sədlərini sındıran strateji mesajlar

Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri artıq neçə ildir ki, təkcə tarixi-mədəni irsin rəmzi deyil, həm də qlobal miqyaslı siyasi-media dialoqlarının mərkəzi kimi çıxış edir. Növbəti IV Şuşa Qlobal Media Forumu da bu ənənənin davamı olaraq dünyanın diqqətini yenidən regiona çəkməyi bacarıb. Forumun əsas mövzusu olan “Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması” müasir informasiya müharibələri və qlobal geosiyasi gərginlik fonunda olduqca böyük aktuallıq kəsb edir.

Şuşa Forumu artıq beynəlxalq media ekspertlərinin, agentlik rəhbərlərinin və rəsmi şəxslərin sərbəst şəkildə fikir mübadiləsi apardığı nüfuzlu bir platformaya çevrilib. Builki Forumun miqyası onun qlobal statusunu bir daha təsdiq edir. Belə ki, 53 ölkədən 160-a yaxın media nümayəndəsi, ekspert və rəsmi şəxs, 30-a yaxın beynəlxalq informasiya agentliyi və 60-dan çox aparıcı media qurumu Forumda iştirak edir. Şuşanın ev sahibliyi etdiyi bu platforma regionda postmünaqişə dövrünün reallıqlarını dünyaya birbaşa, birinci mənbədən çatdırmaq üçün əvəzsiz "yumşaq güc" (soft power) aləti hesab olunur. Şuşa Qlobal Media Forumu bu yeni reallıq fonunda dövlətimizin sülh niyyətini nümayiş etdirir: Beynəlxalq mediada region haqqında yaradılan "militarist ölkə" imicini darmadağın edərək, Azərbaycanın Cənubi Qafqazı davamlı sülh məkanına çevirmək istəyi birbaşa xarici ekspertlərin diqqətinə çatdırılır. Forum çərçivəsində aparılan müzakirələr göstərir ki, Azərbaycan keçmiş münaqişənin fəsadlarına ilişib qalmır, əksinə, Ermənistanla sülh müqaviləsinin imzalanması və regional kommunikasiyaların açılması üçün konkret təkliflərlə çıxış edir, real addımlar atır.

Forumun açılış mərasimində iştirak edən Prezident İlham Əliyev xarici jurnalistlərin suallarını cavablandırarkən Azərbaycanın xarici siyasət kursu, enerji strategiyası və regional təhlükəsizlik memarlığı ilə bağlı bir sıra fundamental mesajlar verib. Dövlət başçısı bəyan edib ki, Azərbaycanın yürütdüyü siyasət hər zaman əməkdaşlığa yönəlmişdir. Son 23 ilə nəzər salsaq görərik ki, Azərbaycan öz tarixinin ən dinamik, əsaslı və sistemli modernləşmə, iqtisadi yüksəliş və hərbi-siyasi zəfər dövrünü yaşamışdır: “23 ilə yaxındır, prezident kürsüsündəyəm, bu illər ərzində Azərbaycan haradan haraya gəlib, bunu xalqımız yaxşı bilir. Azərbaycan xalqına bir çox müraciətlərim olub, həm işğal, həm müharibə dövründə, həm müharibədən sonra. Əlbəttə, məzmunca bu müraciətlər fərqli olub, çünki fərqli situasiyada idik. İşğal dövründə müraciətim, keçmiş köçkünlərlə çoxsaylı görüşlər əsnasında ondan ibarət idi ki, onlar ümidlərini itirməsinlər, iradələrini möhkəm tutsunlar və mənə inansınlar ki, biz bu torpaqlara qayıdacağıq. İllər keçdikcə görürdüm ki, onların ümidləri yavaş-yavaş tükənir, insanların gözlərindəki nisgil, ümidsizlik daha çox sezilir. Mən isə onlara deyə bilmirdim ki, nə vaxt nə olacaq, deyirdim ki, inanın, onlar da inanırdı. 17 il az müddət deyil, 17 il mənim sözlərimə inanıb gözləyirdilər, aparılan işlərə dəstək olurdular”.

Forumun ana xəttini təşkil edən mövzulardan biri də qlobal mediada Azərbaycana qarşı uzun illər boyu aparılan və bu gün də müəyyən mərkəzlərdən idarə olunan qərəzli kampaniyalardır. Analitik baxımdan Şuşa Forumu bu stereotipləri qırmaq üçün unikal fürsətdir. Dünyanın dörd bir yanından gələn media mənsubları Qarabağdakı real vəziyyəti, törədilmiş dağıntıları və aparılan möhtəşəm quruculuğu öz gözləri ilə görürlər. Bu, beynəlxalq məkanda manipulyasiyaların qarşısını almaq və həqiqətin bərpasına nail olmaq yolunda ən effektiv metoddur. Prezident İlham Əliyev Şuşa Qlobal Media Forumundakı çıxışında və xarici jurnalistlərin suallarına verdiyi cavablarda Azərbaycana qarşı illərdir sistemli şəkildə aparılan dezinformasiya, qərəzli kampaniyalar və bəzi Qərb media resurslarının ikili standartlarına geniş yer ayırmışdır. Dövlət başçısı dəfələrlə bəzi Qərb media qurumlarının və beynəlxalq QHT-lərin obyektivlikdən uzaq olduğunu, hadisələrə birtərəfli yanaşdığını konkret nümunələrlə ifşa edib. Prezident Ermənistanın 30 illik işğalçılıq və dağıdıcılıq siyasətinə göz yumanların, bu gün Azərbaycanın öz torpaqlarını azad etməsini fərqli kontekstdə təqdim etməyə çalışdıqlarını vurğulayıb: “Müharibə qədər də olmasa, çətin idi. Çünki müharibənin nəticələri dünya birliyi tərəfindən qəbul edilməli idi, onu qəbul etmək istəməyən kifayət qədər qüvvələr, dövlətlər, dairələr və ayrı-ayrı şəxslər var idi. Bizim ya qələbəmizi əlimizdən almaq, ya onu yarımçıq etmək, ya da Azərbaycanı asılı vəziyyətdə saxlamaq, tam ədalətin bərpasına nail olmayaq deyə müxtəlif fitnələr təşkil edilirdi, biz bütün bunları yaxşı xatırlayırıq. Mən müraciətlərimdə deyirdim ki, biz bu müharibədəki qələbəni gəlin indi qeyd etməyək, fəal olaq, çünki görüləsi işlər çoxdur. Bir qrup keçmiş köçkün də bu sözlərə inanıb gözləyirdi ki, o gün gələcək, onlar öz doğma dədə-baba torpaqlarına qayıdacaq. Srağagün mən onların bir qrupu ilə görüşdüm. Onlara dedim ki, 2020-ci ildə biz müharibədə zəfər çalanda bu torpaqlar hələ işğal altında idi, amma siz inanırdınız ki, o gün gələcək, bu torpaqlara qayıdacaqsınız”.

“Biz ancaq özümüzə güvənə bilərik” - Prezident İlham Əliyevin Şuşa Qlobal Media Forumunda səsləndirdiyi bu fundamental tezis sadəcə bəyanat deyil, Azərbaycanın müasir dövlətçilik fəlsəfəsinin, hərbi-siyasi strategiyasının və xarici siyasət kursunun əsas rəhbər prinsipidir. Bu fikir beynəlxalq hüququn işləmədiyi, böyük güclərin ikili standartlar yürütdüyü və qlobal təhlükəsizlik arxitekturasının böhran keçirdiyi müasir dünyada müstəqil dövlət kimi mövcud olmağın yeganə düsturudur: “Mənim müraciətlərimin ana xətti həmişə dəyişməz olaraq qalır. Biz ancaq özümüzə güvənə bilərik. Baxmayaraq ki, Azərbaycanın çox böyük sərvətləri olub, əvvəllər onlardan heç biri, sözün əsl mənasında, Azərbaycan xalqının inkişafında rol oynamırdı. Çünki biz daha çox ümumittifaq büdcəsinə verirdik, heç nə almırdıq. Bizdən neft aparılırdı, Sumqayıt şəhəri ekoloji fəlakətə uğramışdı. Sovet İttifaqı dağılanda isə hər şey viran qalmışdı, torpaqlarımız əldən getmişdi. Bu mənada, ancaq özümüzə və dövlətə güvənməliyik, birlik heç vaxt sarsılmamalıdır. Bu gün Azərbaycan cəmiyyətində olan birliyə oxşar mənzərə tapmaq çətindir, çünki bu, insanların zehnindən və ürəyindən gəlir”.

Beləliklə, Prezident İlham Əliyevin bu mesajları nümayiş etdirir ki, Azərbaycan rəhbərliyi qlobal informasiya müharibəsinin fərqindədir və rəsmi Bakı artıq yalnız müdafiə olunan tərəf deyil. Azərbaycan, xarici media mənsublarını birbaşa ölkəyə dəvət edərək "şəffaflıq və yerində nümayiş" taktikası ilə dezinformasiya mərkəzlərinin arqumentlərini tamamilə sıradan çıxarır.

Sevinc Azadi, “İki sahil”