13 iyul 2026 17:00
103

Qanunların aliliyinə həsr edilən ömür

Roza Şıxsəidova-70

Bəşər tarixində müxtəlif ictimai siyasi formasiyalarda, cəmiyyətlərdə həmişə insanları düşündürən müxtəlif mövzulardan biri də qadınların ailənin, dövlətin, cəmiyyətin idarə edilməsindəki rolu, yeri, mövqeyi barədə aparılan diskussiyalar olmuşdur.

“Cənnət anaların ayaqları altındadır”, “Millətin gələcəyi savadlı qadınların əlindədir” kimi ifadələr hələ antik dövrlərdən başlayaraq qadınların cəmiyyətdə, ailədə, dövlətdə yüksək nüfuza, mövqeyə, söz sahibinə malik olmaları barədə fikirləri formalaşdırmışdır. Azərbaycan qadını tarix boyu özünün müdrikliyi, saflığı, iradəsi, işgüzarlığı, mərdliyi, sədaqəti və vətənpərvərliyi ilə tanınmış və dünya qadınlarına nümunə olmuşdur. Ulu Öndər Heydər Əliyev də qadınların cəmiyyətdə rolunu yüksək dəyərləndirərək qeyd etmişdir ki, mən sizə  öz minnətdarlığımı bildirirəm ki, siz Azərbaycan Ordusunun yaradılması üçün çox iş görmüsünüz, sizin oğlanlarınız, gənclər bugün bizim uğurlu ordunun əsasını təşkil edir, buna görə sizə xüsusi təşəkkürümü bildirirəm. Ulu Öndər Heydər  Əliyevin qadınların problemlərinə və qayğılarına diqqətlə yanaşması nəticəsində Azərbaycan qadınları bugün həyatın bütün sahələrində çalışır və respublikanın inkişafına öz töhfələrini verirlər.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev qadınların cəmiyyətdə roluna mühum qiymət vermiş və onların cəmiyyətdə layiqli yer tutmaları üçün bütün şəraiti yaradaraq, çıxışlarının birində qeyd etmişdir: “Azərbaycan qadınları milli və müasir dəyərləri geniş sosial mədəni fəaliyyətlərini əsas tutaraq müasir inkişaf tarixində cəmiyyətdə fəal mövqe tutaraq onun inkişafına xüsusi dinamizm vermişlər”. Bu qayğının nəticəsidir ki, qadınlarımız dövlət idarəçiliyində, qanunvericilik orqanlarında təmsil olunur və mühüm vəzifələrdə irəli çəkilirlər. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın  mədəniyyətin, təhsilin, səhiyyənin tərəqqisində, o cümlədən qadın siyasətinin və gender bərabərliyinin qorunmasındakı fəaliyyəti mühüm əhəmiyyətə malikdir.

Azərbaycan Respublikasının Baş Prokurorluğu  cəmiyyətin ayrılmaz  tərkib hissəsi və qanunların aliliyinin təmin edilməsi, insan hüquq və azadlıqlarının qorunması, dövlətçiliyin etibarlı qorunmasının təmin edilməsi yolundakı fəaliyyəti zamanı gender bərabərliyinə mühum diqqət ayırır. Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən gender bərabərliyinin təmin olunmasına göstərilən xüsusi diqqətin nəticəsidir ki, prokurorluq orqanlarında çalışan qadın əməkdaşların sayı – 131-ə çatmışdır və qadın prokurorluq əməkdaşları bugün idarə rəisi, idarə rəisinin müavini, idarə və şöbə prokurorları, rayon prokurorları, rayon prokurorlarının müavinləri, köməkçiləri, müstəntiqləri qismində inamla, ləyaqətlə, bacarıqla çalışırlar.

Bugün haqqında söz açacağımız Roza Əli Murad qızı Şıxsəidovanın həyatı və prokurorluqda  uzun müddət səmərəli xidməti də Azərbaycan qadınlarının cəmiyyətdə tutduqları fəal vətəndaşlıq mövqeyinə bir nümunədir. Roza Şıxsəidovanı 1993-cü ildən, Azərbaycan Respublikası Baş Prokurorluğunun mərkəzi aparatında işlədiyimiz dövrdən tanıyıram.

Roza xanım şərəfli ömür yolunun 34 ilini prokrorluq orqanlarına həsr etmişdir. O, 1982-ci ildə prokrorluq orqanlarında işə qəbul edilərək o vaxtkı Azərbaycan SSR prokurorunun qanunvericiliyin sistemləşdirilməsi və təbliği üzrə köməkçisi vəzifəsinə təyin olunmuşdur.

Roza xanım bu vəzifədə 1988-ci ilədək çalışaraq qanunvericiliyi mükəmməl öyrənmiş, qüvvədə olan qanunların eyni cür və dürüst tətbiq edilməsini mənimsəmiş, eyni zamanda, qanunverilicilikdə və cəmiyyətdə gedən təkamül proseslərini dərk edərək yeni qanunların qəbulu və icra edilməsi, hüquqtətbiq edən orqanların qarşılıqlı əlaqələrini, dövlət-vətəndaş münasibətlərini düzgün tənzimlənməsi prizmasından yanaşmışdır.

Təsadüfi deyil ki, Roza xanım 1988-ci ildə daha geniş bilik, qanunun tətbiqi qabilliyyəti, obyektivlik, prinsipiallıq tələb edən bir vəzifəyə-Azərbaycan Respublikası Prokrorluğunun Mülki işlərə məhkəmələrdə baxılması üzrə nəzarət şöbəsinin prokuroru, 1993-cü ildə isə həmin şöbənin böyük prokuroru vəzifəsinə təyin edilmişdir. Bu vəzifədə o, mülki sahədə vətəndaşların qanuni hüquq və mənafelərinin qorunmasını təmin edən çoxsaylı ədalətli qərarların verilməsinə nail olmuşdur.

O, hansı vəzifədə çalışmasından asılı olmayaraq qanunların aliliyini qorumuş, Konstitusiya ilə vətəndaşlarımıza verilmiş huquq və azadlıqların etibarlı qorunmasının təminatçısı kimi çıxış etmişdir.

Onun fəaliyyətinin əsas qayəsini qanunçuluq, vətəndaşların qanun qarşısında bərabərliyi, ədalətlilik, humanizm prinsipləri təşkil etmişdir. Roza xanım 1993-cü ildən Bakı şəhərinin Sabunçu və Xətai rayon prokurorluqlarında prokuror köməkçisi vəzifəsində çalışmış və bu sahədə vətəndaşlarla daha çox təmasda olmaq imkanı olmuşdur. O, prokrorluğun fəaliyyət istiqamətləri üzrə vətəndaşların qəbulu, ərizə və şikayətlərin həlli və qanunvericiliyin sistemləşdirilməsi, təbliği,  rayon polis şöbəsinin inzibati fəaliyyətinə nəzarət, səhiyyə, təhsil sahəsində vətəndaş hüquqlarının qorunmasında səmərəli fəaliyyət göstərmişdir. İnsanlarla ünsiyyət qurmaq bacarığı, şəxsi qəbullarda onları səbrlə dinləməsi, şikayətlərin mahiyyətinə varması və təxirə salmadan həll etməsi ona vətəndaşlar arasında böyük nüfuz qazandırmışdır.

Roza Şıxsəidovanın təcrübəsi, intizamlılığı, işgüzarlığı nəzərə alınaraq 31.01.2005-ci il tarixində Bakı Şəhər Prokurorluğunun Dövlət ihtihamının müdafiəsi üzrə şöbəsinin prokuroru təyin edilmişdir. 10 noyabr 2013-cü il tarixdən daha bir məsul vəzifəyə-Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Birinci instansiya məhkəmələrində dövlət itthamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsinə təyin edilmiş və 12.07.2016-cı il tarixdək bu vəzifədə çalışmışdır.

Prokuror həmkarlarım mənimlə razılaşar ki, prokurorluq orqanlarında istənilən vəzifədə çalışmaq həm şərəfli, həm də çətin bir işdir, lakin prokurorluq orqanlarında uzun müddət çalışmış bir şəxs kimi belə bir qənaətim vardır ki, dövlət ittihamının məhkəmələrdə müdafiə edilməsi ən məsuliyyətli vəzifələrdən biridir.

Dövlət ittihamçısı nəzəri cəhətdən daha hazırlıqlı olmalı, məhkəmə baxışında sübutların araşdırılması, təqdim edilməsi və qiymətləndirilməsində fəal mövqe tutmaqla meydana çıxan suallara düzgün hüquqi qiymət verilməsini təmin etməyi bacarmalıdır. Eyni zamanda, dövlət ittihamçısının ədalət prinsipi şəxslərə təyin edilən cəzanın onları islah edəcək müddətdə olmasını hiss etmək qabiliyyəti qədər olmalıdır. Roza xanımda da bu sadaladığım xüsusiyyətlər kifayət qədər olmuşdur.

İstər ictimai ittiham, istərsə də ictimai xüsusi ittiham qaydasında onun müdafiə etdiyi dövlət ittihamı məhkəmə baxışının iştirkaçıları tərəfindən həmişə qərəzsiz mövqe kimi qəbul edilmişdir. Roza Şıxsəidova bu gün də öz bilik və təcrübəsini gənc həmkarlar ilə bölüşür, “Azərbaycan Respublikası Baş Prokurorluğunun veteran və pensiyaya çıxmış işcilərinin” İctimai Birliyinin işində yaxından iştirak edir.

Bu gün öz adımdan, prokurorluğun veteran və pensiyaya çıxmış işçiləri adından Roza xanımı 70 illik yubileyi münasibətilə ürəkdən təbrik edir, ona gələcəkdə sağlam həyat və uğurlar arzulayıram.

Zahid Vəliyev,
Baş ədliyyə müşaviri,
“Azərbaycan Respublikası Baş Prokurorluğunun veteran və pensiyaya çıxmış işçilərinin” İctimai Birliyinin İdarə Heyətinin üzvü