İşğaldan azad olunmuş ərazilərdə yaradılan müəssisələrdə əməyin mühafizəsi və işçilərin hüquqlarının qorunması əsas prioritetlərdəndir
İşğaldan azad olunmuş ərazilərdə həyata keçirilən Böyük Qayıdış prosesi yeni yaşayış məntəqələrinin, infrastrukturun və müəssisələrin yaradılması ilə yanaşı, müasir əmək münasibətlərinin formalaşdırılmasını da əhatə edir. Bu prosesin mühüm istiqamətlərindən biri insanların təhlükəsiz və sağlam əmək şəraitində fəaliyyət göstərməsi üçün zəruri mexanizmlərin qurulmasıdır.
Dövlət Əmək Müfəttişliyi Xidmətinin tabeliyində fəaliyyət göstərən Əməyin Mühafizəsi Mərkəzinin İdarə Heyətinin sədri Vüsal Məmmədov “İki sahil”ə özəl açıqlamasında bildirib ki, işğaldan azad olunmuş ərazilərdə təhlükəsiz əmək mühitinin yaradılması aparılan quruculuq işlərinin ayrılmaz hissəsidir.

Onun sözlərinə görə, yeni yaradılan müəssisələrdə təhlükəsizlik məsələlərinin fəaliyyətin ilk günlərindən nəzərə alınması gələcəkdə yarana biləcək risklərin qarşısının alınması baxımından böyük əhəmiyyət daşıyır. İş yerlərinin düzgün təşkili, əməkdaşların fərdi mühafizə vasitələri ilə təmin olunması, risklərin qiymətləndirilməsi və mütəmadi təlimlərin keçirilməsi təhlükəsiz fəaliyyətin əsas şərtlərindəndir.
Vüsal Məmmədov qeyd edib ki, əməyin mühafizəsi sahəsində görülən tədbirlər yalnız işçilərin həyat və sağlamlığının qorunmasına deyil, eyni zamanda müəssisələrin daha səmərəli və dayanıqlı fəaliyyət göstərməsinə xidmət edir. Təhlükəsizlik tələblərinin düzgün təşkili istehsalat qəzalarının və peşə xəstəliklərinin azalmasına, əmək məhsuldarlığının artmasına müsbət təsir göstərir.
Mərkəz sədri vurğulayıb ki, işğaldan azad olunmuş ərazilərdə yaradılan yeni əmək mühitində əsas məqsədlərdən biri təhlükəsizliyin iş prosesinin ayrılmaz hissəsinə çevrilməsidir. Bunun üçün işəgötürənlərin məsuliyyətli yanaşması, işçilərin təhlükəsizlik qaydalarına əməl etməsi və maarifləndirmə tədbirlərinin davamlı aparılması vacibdir.
O əlavə edib ki, regionda nümunəvi əmək şəraitinin yaradılması və görülən işlərin ictimaiyyətə çatdırılması məqsədilə mediatur və infoturlar da təşkil olunur. Media nümayəndələri həmin səfərlər zamanı müəssisələrdə iş prosesinin təşkili, əməyin mühafizəsi istiqamətində tətbiq olunan yanaşmalar və işçilərin hüquqlarının qorunması üçün görülən tədbirlərlə tanış olurlar.
Vüsal Məmmədovun sözlərinə görə, təhlükəsiz əmək mədəniyyətinin formalaşdırılması uzunmüddətli və davamlı prosesdir. Bu istiqamətdə həyata keçirilən maarifləndirmə, standartların tətbiqi, risklərin idarə olunması və profilaktik tədbirlər gələcək əmək mühitinin daha sağlam əsaslar üzərində qurulmasına imkan verir.
Mərkəz sədri hesab edir ki, Böyük Qayıdış yalnız şəhərlərin, kəndlərin, yolların və müəssisələrin yenidən qurulması deyil, həm də insan amilinin ön planda olduğu, əmək hüquqlarının qorunduğu və təhlükəsizliyin əsas prinsip kimi qəbul edildiyi yeni həyat və əmək modelinin yaradılmasıdır.
Görülən işlər işğaldan azad olunmuş ərazilərdə müasir, təhlükəsiz və dayanıqlı əmək mühitinin formalaşmasına mühüm töhfə verir.
Yaqut Ağaşahqızı, “İki sahil”