02 oktyabr 2026 01:25
97

G20: Azərbaycan dünya gücləri sırasında!

Bu gün bu sözləri fəxrlə deyirik. Ancaq bu fikrin reallaşmasının arxasında Azərbaycan Prezidenti İlham Əliyevin son dərəcə ağıllı siyasəti, diplomatiyamızın uğurlu fəaliyyəti, xalqımızın sıx birliyi, iqtisadiyyatımızın inkişaf etdirilməsi, beynəlxalq aləmdə çeviklik, irimiqyaslı neft-qaz və yol-nəqliyyat layihələri, silahlı qüvvələrin daha da gücləndirilməsi və s. mühüm amillər durur. Qısaca desək, möcüzə sayılacaq ağlagəlməz bir zirvə fəthi. Otuz dörd il əvvəl biz harada idik, indi haradayıq? Deməli, hər şeyi ağıllı liderlər və illər həll edir.

2026-cı ilin avqustunda Prezident İlham Əliyev və ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığında da iki ölkə münasibətlərinin strateji xarakter aldığı vurğulanıb və Azərbaycan Liderinin G20-yə dəvəti ayrıca qeyd edilib. Bu faktlar göstərir ki, G20 dəvətini yalnız bir tədbirin protokol siyahısında sadəcə olaraq Azərbaycanın adının yazılması kimi qəbul etmək düzgün olmazdı. Dəvət iki ölkə arasında son dövrdə yaranmış siyasi gündəliyin daha geniş beynəlxalq platformaya çıxarılmasının nümunələrindən biri kimi də qəbul edilə bilər. Rəsmi Vaşinqtonun Azərbaycanla enerji, investisiya, ticarət, təhlükəsizlik, texnologiya və bağlantı kimi sahələrdə əməkdaşlığı genişləndirməsi bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Prezident İlham Əliyev də 2026-cı ilin iyununda dünyanın superdövləti olan ABŞ-Azərbaycan münasibətlərinin yeni mərhələsini məhz bu istiqamətlər üzrə geniş əməkdaşlıqla səciyyələndirib. Əlbəttə, belədir. İndiyədək Azərbaycan-ABŞ münasibətlərində bu qədər intensivlik olmayıb.

Azərbaycan G20-də iştirakı ilə dünya gücləri arasında özünün çəkisini nümayiş etdirə biləcəkdir.

Bu baxımdan Bakı üçün G20-də iştirak həm də öz gündəliyini təqdim etmək imkanına çevrilə bilər. Azərbaycanın burada əsas üstünlüyü böyük iqtisadiyyatlarla ölçülən miqyas deyil, regional imkanları qlobal proseslərlə birləşdirən mövqeyidir. Azərbaycan enerji istehsalçısı, tranzit ölkə, Avropa ilə Asiya arasında bağlantı nöqtəsi, Cənubi Qafqazın aparıcı iqtisadi mərkəzlərindən biri və yeni regional əməkdaşlıq layihələrinin iştirakçısı kimi çıxış edə bilər. Bu xüsusiyyətlərin birlikdə təqdim olunması Azərbaycanın beynəlxalq iqtisadi dialoqda özünəməxsus mövqeyini nümayiş etdirmək üçün mühüm imkan yaradır.

Bütün bunlarla bərabər,  G20 dəvətinin başqa bir siyasi mənası da var. Əvvəllər saya alınmayan aqrar bir ölkə kimi tanınan Azərbaycan son onilliklərdə beynəlxalq münasibətlər sistemində öz çəkisini tədricən artıran qüdrətli dövlət kimi çıxış edib. Əlbəttə, böyük zaman tələb edən bu proses bir gün müddətində baş tutmayıb. Ümummilli Liderimiz Heydər Əliyevin enerji diplomatiyasından nəqliyyat siyasətinə, regional təhlükəsizlikdən humanitar təşəbbüslərə qədər müxtəlif istiqamətlərdə toplanan təcrübə Azərbaycanın diplomatik kapitalını formalaşdırıb. Prezident İlham Əliyev həmin siyasi kursu inkişaf etdirərək zirvələrə yüksəldib.

Vəli İlyasov, “İki sahil”