13 iyul 2026 14:27
93

İşğaldan azad olunmuş ərazilərdə mina təhlükəsizliyi diqqət mərkəzində saxlanılır

ANAMA ilə birgə keçirilən təlimlərdə əməkdaşlara risklər və təhlükəli vəziyyətlərdə davranış qaydaları izah olunur

İşğaldan azad olunmuş ərazilərdə aparılan bərpa-quruculuq işlərinin təhlükəsiz şəkildə həyata keçirilməsi üçün mina və partlamamış hərbi sursatlarla bağlı risklərin idarə olunması mühüm istiqamətlərdən biridir. Bu ərazilərdə çalışan insanların təhlükəsizliyinin təmin edilməsi məqsədilə əmək mühafizəsi ilə yanaşı, mina təhlükəsizliyi sahəsində də geniş maarifləndirmə tədbirləri həyata keçirilir.

Dövlət Əmək Müfəttişliyi Xidmətinin tabeliyində fəaliyyət göstərən Əməyin Mühafizəsi Mərkəzinin İdarə Heyətinin sədri Vüsal Məmmədov “İki sahil”ə özəl açıqlamasında bildirib ki, işğaldan azad olunmuş ərazilərin xüsusi şəraiti nəzərə alınaraq mina təhlükəsizliyi məsələlərinə keçirilən maarifləndirmə tədbirlərində geniş yer ayrılır.

Onun sözlərinə görə, Əməyin Mühafizəsi Mərkəzi Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) və digər sosial tərəfdaşlarla əməkdaşlıq çərçivəsində işçilərin bu sahədə məlumatlandırılmasına xüsusi diqqət yetirir.

Vüsal Məmmədov qeyd edib ki, təlimlər zamanı iştirakçılara mina və partlamamış hərbi sursatların yaratdığı təhlükələr, şübhəli əşyalar aşkar edildikdə görülməli tədbirlər, eləcə də riskli ərazilərdə hərəkət zamanı riayət olunmalı təhlükəsizlik qaydaları barədə ətraflı məlumat verilir.

Mərkəz sədri vurğulayıb ki, işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən müəssisələr üçün təhlükəsizlik anlayışı yalnız istehsalat proseslərinin təşkili ilə məhdudlaşmır. Ərazinin xüsusiyyətlərindən irəli gələn risklərin nəzərə alınması və işçilərin düzgün məlumatlandırılması təhlükəsiz əmək mühitinin vacib tərkib hissəsidir.

O bildirib ki, mina təhlükəsizliyi üzrə keçirilən maarifləndirmə tədbirlərinin əsas məqsədi insanların mümkün təhlükələri tanıması, riskli vəziyyətlərdə düzgün qərar verməsi və təhlükəli halların qarşısının vaxtında alınmasıdır.

Vüsal Məmmədov əlavə edib ki, bu istiqamətdə ANAMA mütəxəssislərinin iştirakı ilə keçirilən görüşlər praktiki əhəmiyyət daşıyır. Təlimlərdə real təhlükələr, davranış qaydaları və təhlükəsizlik tədbirləri barədə əyani məlumatların təqdim olunması iştirakçıların mövzu ilə bağlı biliklərini artırır.

Onun sözlərinə görə, mina təhlükəsizliyi ilə bağlı maarifləndirmə işlərinin davam etdirilməsi işğaldan azad olunmuş ərazilərdə çalışan insanların həyat və sağlamlığının qorunmasına, quruculuq proseslərinin daha təhlükəsiz şəkildə həyata keçirilməsinə mühüm töhfə verir.

Mərkəz sədri qeyd edib ki, təhlükəsiz əmək mədəniyyətinin formalaşdırılması kompleks yanaşma tələb edir. Əməyin mühafizəsi qaydaları ilə yanaşı, əraziyə xas risklərin düzgün qiymətləndirilməsi və bu barədə davamlı məlumatlandırma işlərinin aparılması qarşıya qoyulan əsas məqsədlərdəndir.

Yaqut Ağaşahqızı, “İki sahil”