AZS ISO 45001:2021 standartının tətbiqi müəssisələrdə əməyin mühafizəsi sisteminin daha səmərəli qurulmasına imkan verir
İş yerlərində təhlükəsizliyin təmin olunması yalnız mövcud qaydalara əməl etməklə deyil, eyni zamanda müasir idarəetmə sistemlərinin tətbiqi ilə daha effektiv şəkildə həyata keçirilir. Bu baxımdan əməyin mühafizəsi sahəsində beynəlxalq standartların ölkə müəssisələrində tətbiqi sağlam və təhlükəsiz əmək mühitinin formalaşdırılmasına mühüm töhfə verir.
Dövlət Əmək Müfəttişliyi Xidmətinin tabeliyində fəaliyyət göstərən Əməyin Mühafizəsi Mərkəzinin İdarə Heyətinin sədri Vüsal Məmmədov “İki sahil”ə özəl açıqlamasında bildirib ki, əməyin mühafizəsi sahəsində beynəlxalq yanaşmaların tətbiqi iş yerlərində təhlükəsizlik tələblərinin daha sistemli şəkildə həyata keçirilməsinə şərait yaradır.

Onun sözlərinə görə, Dövlət Əmək Müfəttişliyi Xidmətinin sədrliyi ilə fəaliyyət göstərən “Əmək sahəsində” standartlaşdırma (AZSTAND/TK21) üzrə Texniki Komitə tərəfindən bu istiqamətdə mühüm işlər görülür. Komitə tərəfindən əməyin mühafizəsi sahəsində beynəlxalq standartlara uyğun yeni standartların hazırlanması və qəbul edilməsi, eləcə də mövcud standartların müəssisələrdə tətbiqinin təşviqi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.
Vüsal Məmmədov qeyd edib ki, bu sahədə əsas sənədlərdən biri olan AZS ISO 45001:2021 “Əmək sağlamlığı və təhlükəsizliyinin idarə edilməsi sistemi. İstifadə üzrə izahlı tələblər” dövlət standartıdır. Həmin standart müəssisələrdə işçilərin sağlamlığının qorunması, risklərin idarə edilməsi və təhlükəsiz əmək şəraitinin yaradılması üçün mühüm mexanizm hesab olunur.
Mərkəz sədri vurğulayıb ki, standartların qəbul edilməsi ilə yanaşı, onların iş yerlərində düzgün tətbiqinin təmin olunması da xüsusi əhəmiyyət daşıyır. Bu məqsədlə müəssisələrə metodiki dəstək göstərilir, maarifləndirmə tədbirləri keçirilir və təhlükəsizlik tələblərinin praktik icrası ilə bağlı məlumatlar təqdim olunur.
O əlavə edib ki, əməyin mühafizəsi üzrə idarəetmə sistemlərinin düzgün qurulması iş yerlərində mövcud və potensial təhlükələrin vaxtında müəyyənləşdirilməsinə, risklərin azaldılmasına və qabaqlayıcı tədbirlərin həyata keçirilməsinə imkan yaradır.
Vüsal Məmmədov bildirib ki, işğaldan azad olunmuş ərazilərdə yeni yaradılan müəssisələrdə təhlükəsizlik prinsiplərinin fəaliyyətin ilk mərhələsindən tətbiqi xüsusi əhəmiyyət daşıyır. Müasir standartların nəzərə alınması həmin müəssisələrdə dayanıqlı və təhlükəsiz əmək mühitinin formalaşdırılmasına xidmət edir.
Onun sözlərinə görə, beynəlxalq standartların tətbiqi yalnız texniki tələblərin yerinə yetirilməsi deyil, həm də müəssisələrdə təhlükəsizlik mədəniyyətinin inkişaf etdirilməsi deməkdir. Bu yanaşma işçilərin həyat və sağlamlığının qorunmasına, müəssisələrin daha səmərəli fəaliyyət göstərməsinə və əmək münasibətlərinin müasir prinsiplər əsasında qurulmasına imkan verir.
Yaqut Ağaşahqızı, “İki sahil”
İşğaldan azad olunmuş ərazilərdə 9700 nəfər təhlükəsiz əmək və mina təhlükəsizliyi üzrə maarifləndirilib - EKSKLÜZİV
İşğaldan azad olunmuş ərazilərdə mina təhlükəsizliyi diqqət mərkəzində saxlanılır