13 iyul 2026 15:11
99

Təhlükəsiz əmək mühitinin əsas hədəfi istehsalat qəzalarının qarşısını almaqdır

Vision Zero modeli və qabaqlayıcı yanaşmalar iş yerlərində təhlükəsizlik mədəniyyətinin gücləndirilməsinə xidmət edir

Müasir əmək münasibətlərində əsas prioritetlərdən biri işçilərin həyat və sağlamlığının etibarlı şəkildə qorunmasıdır. Xüsusilə yeni yaradılan müəssisələrdə və genişmiqyaslı layihələrin həyata keçirildiyi ərazilərdə təhlükəsizlik tələblərinin düzgün tətbiqi istehsalat risklərinin minimuma endirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bu istiqamətdə profilaktik tədbirlər və maarifləndirmə işləri təhlükəsiz əmək mədəniyyətinin formalaşmasının əsas elementlərindən hesab olunur.

Dövlət Əmək Müfəttişliyi Xidmətinin tabeliyində fəaliyyət göstərən Əməyin Mühafizəsi Mərkəzinin İdarə Heyətinin sədri Vüsal Məmmədov “İki sahil”ə özəl açıqlamasında bildirib ki, istehsalat qəzalarının qarşısının alınması yalnız qaydaların müəyyən edilməsi ilə deyil, həmin tələblərin iş prosesinin bütün mərhələlərində ardıcıl şəkildə tətbiqi ilə mümkündür.

Onun sözlərinə görə, təhlükəsiz əmək şəraitinin yaradılması həm işəgötürənin, həm də işçinin üzərinə düşən məsuliyyətdir. İş yerlərində risklərin vaxtında müəyyənləşdirilməsi, təhlükələrin qiymətləndirilməsi və qabaqlayıcı tədbirlərin görülməsi mümkün bədbəxt hadisələrin qarşısının alınmasında mühüm rol oynayır.

Vüsal Məmmədov qeyd edib ki, keçirilən maarifləndirmə tədbirlərində təhlükəsizlik qaydalarına əməl olunmasının gündəlik iş vərdişinə çevrilməsi xüsusi diqqət mərkəzində saxlanılır. Çünki sağlam əmək mühiti yalnız normativ tələblərin mövcudluğu ilə deyil, eyni zamanda təhlükəsizlik düşüncəsinin əmək prosesinin ayrılmaz hissəsinə çevrilməsi ilə formalaşır.

Mərkəz sədri vurğulayıb ki, iş yerlərində baş verən qəzalar və peşə xəstəlikləri qarşısıalınmaz hadisələr kimi qəbul edilməməlidir. Əksinə, düzgün planlaşdırılmış profilaktik tədbirlər, risklərin idarə olunması və təhlükəsizlik standartlarının tətbiqi ilə bu halların əhəmiyyətli dərəcədə azaldılması mümkündür.

O bildirib ki, bu yanaşmanın əsas istiqamətlərindən biri olan  Vision Zero modeli məhz istehsalatda ölüm və xəsarətlə nəticələnən hadisələrin qarşısının alınmasını hədəfləyir. Model çərçivəsində əsas diqqət təhlükələrin əvvəlcədən müəyyən edilməsinə, risklərin aradan qaldırılmasına və təhlükəsiz iş şəraitinin yaradılmasına yönəldilir.

Vüsal Məmmədov əlavə edib ki, işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən müəssisələrdə də təhlükəsizlik məsələlərinə xüsusi önəm verilir. Yeni əmək mühitinin formalaşdığı bu ərazilərdə müasir təhlükəsizlik prinsiplərinin tətbiqi gələcək fəaliyyət üçün sağlam əsasların yaradılmasına imkan verir.

Onun sözlərinə görə, təhlükəsizlik mədəniyyətinin möhkəmləndirilməsi uzunmüddətli prosesdir və bu prosesdə maarifləndirmə, təlimlər, standartların tətbiqi və əməkdaşların məsuliyyətli yanaşması mühüm əhəmiyyət daşıyır. Görülən tədbirlər nəticəsində iş yerlərində insan amilinin qorunduğu, sağlam və təhlükəsiz əmək münasibətlərinin formalaşdığı müasir iş mühiti yaradılır.

Yaqut Ağaşahqızı, “İki sahil”