13 iyul 2026 13:51
112

Xüsusi icra məmurları dövlət icra məmurlarından nə ilə fərqlənəcəklər?

İki institutun hüquqi statusu, səlahiyyətləri və fəaliyyət prinsipləri arasındakı əsas fərqlərə aydınlıq gətirilib

Hazırda müzakirə olunan xüsusi icra məmuru institutu ilə bağlı ən çox maraq doğuran məsələlərdən biri onun dövlət icra məmurlarından fərqli cəhətləridir.

Ədliyyə Nazirliyinin Mətbuat Xidməti "İki sahil"in sorğusuna cavab olaraq bu iki institut arasındakı əsas fərqlərə aydınlıq gətirib.

Ədliyyə Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, dövlət icra məmuru ədliyyə qulluqçusu hesab olunur, Ədliyyə Nazirliyinin yerli icra qurumlarında fəaliyyət göstərir, aylıq əməkhaqqı alır və qanunvericiliklə nəzərdə tutulan bütün icra sənədlərinin icrasını həyata keçirir.

Məlumata əsasən, dövlət icra məmurunun səlahiyyətlərinə, həmçinin cinayət işləri üzrə azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəzaların icrası da daxildir.

Qeyd olunub ki, xüsusi icra məmuru isə dövlət qulluqçusu statusuna malik olmayacaq. O, Ədliyyə Nazirliyi tərəfindən verilmiş şəhadətnamə əsasında fəaliyyət göstərəcək, öz ofisini yaradacaq, köməkçilər və digər işçilər cəlb edəcək, fəaliyyətini tariflər hesabına maliyyələşdirəcək və qanunvericiliklə müəyyən edilmiş istisnalar nəzərə alınmaqla icra sənədlərinin icrasını həyata keçirəcək.

Yaqut Ağaşahqızı, “İki sahil”