13 iyul 2026 13:15
113

Kimlər dövlət icra məmuru olmaq üçün test imtahanından azaddır?

Qanunvericilik müəyyən kateqoriyadan olan namizədlər üçün istisna nəzərdə tutur

Dövlət icra məmuru vəzifəsinə qəbul zamanı ümumi qayda üzrə namizədlər test imtahanı və müsahibə mərhələlərindən keçirlər. Lakin qanunvericilik bəzi kateqoriyadan olan şəxslər üçün test imtahanı mərhələsindən azadolma nəzərdə tutur.

Ədliyyə Nazirliyinin Mətbuat Xidməti "İki sahil"in sorğusuna cavab olaraq bununla bağlı mövcud qaydaları açıqlayıb.

Ədliyyə Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, qanunvericiliyə əsasən bəzi şəxslər dövlət icra məmuru vəzifəsinə qəbul üzrə müsabiqənin test imtahanı mərhələsindən azad edilirlər.

Məlumata əsasən, bu kateqoriyaya prokurorluq və digər hüquq-mühafizə orqanlarında xüsusi və ya hərbi rütbə nəzərdə tutulan vəzifələrdə çalışan şəxslər, digər dövlət orqanlarında dövlət qulluğu keçərək inzibati vəzifələr tutan şəxslər, hüquq üzrə elmlər doktoru elmi dərəcəsinə malik olanlar, eləcə də əvvəllər hakim vəzifəsində çalışmış şəxslər daxildir.

Bildirilib ki, həmin şəxslər test imtahanında iştirak etmədən birbaşa müsabiqənin növbəti mərhələsinə keçmək hüququna malikdirlər.

Yaqut Ağaşahqızı, “İki sahil”