13 iyul 2026 11:04
92

Dövlət icra məmuru olmaq istəyənlər üçün vacib məlumatlar: Vəzifəyə qəbul qaydası və tələblər açıqlanıb

Ədliyyə Nazirliyi dövlət icra məmurunun statusu, səlahiyyətləri və bu vəzifəyə qəbul şərtləri ilə bağlı suallara aydınlıq gətirib

Məhkəmə və digər orqanların qərarlarının icrası hüquqların bərpası və qanunun aliliyinin təmin olunmasında mühüm əhəmiyyət daşıyır. Bu prosesin əsas icraçıları olan dövlət icra məmurlarının statusu, vəzifəyə qəbul qaydası, səlahiyyətləri, eləcə də hazırda müzakirə olunan xüsusi icra məmuru institutu son dövrlər ictimai maraq doğuran mövzular sırasındadır.

Ədliyyə Nazirliyinin Mətbuat xidmətindən mövzu ilə bağlı “İki sahil”in sorğusuna  cavab olaraq bildirilib ki, dövlət icra məmuru Ədliyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərən yerli icra qurumlarında çalışan, xüsusi rütbəli vəzifə tutan, məhkəmə və digər orqanların qərarlarının məcburi icrasını təmin edən vəzifəli şəxsdir.

Qeyd olunub ki, dövlət icra məmuru ədliyyə qulluqçusu hesab edilir və onun fəaliyyəti dövlət qulluğunun xüsusi növünə aid olunur.

Qurumdan verilən məlumata görə, dövlət icra məmuru vəzifəsinə Ədliyyə orqanlarında qulluğun şərtlərinə cavab verən, ali təhsilli Azərbaycan Respublikası vətəndaşları qəbul edilə bilərlər.

Bildirilib ki, bu vəzifəyə qəbul üçün hüquq təhsilinin olması məcburi tələb deyil. Belə ki, həm hüquq ixtisası üzrə, həm də digər ixtisaslar üzrə ali təhsil almış şəxslər müvafiq müsabiqədə iştirak etmək hüququna malikdirlər.

Yaqut Ağaşahqızı, “İki sahil”