12 iyul 2026 20:02
100

SOCAR Rumıniyada daha iki yeni yanacaqdoldurma məntəqəsi istifadəyə verib

SOCAR-ın Rumıniyadakı törəmə şirkəti “SOCAR Petroleum SA” ölkədəki fəaliyyətini genişləndirərək Kalaraşi rayonunun Fundulea şəhərində və Konstansa rayonunun Manqaliya şəhərində iki yeni yanacaqdoldurma məntəqəsini istifadəyə verib.

“İki sahil” xəbər verir ki, bununla da şirkətin Rumıniyadakı yanacaqdoldurma şəbəkəsinin sayı 94-ə çatıb.

Fundulea şəhərində istifadəyə verilən yeni yanacaqdoldurma məntəqəsi SOCAR-ın Kalaraşi rayonunda ilk yanacaqdoldurma stansiyasıdır. Manqaliya şəhərində açılan yeni obyekt isə şirkətin Konstansa rayonunda fəaliyyət göstərən beşinci yanacaqdoldurma məntəqəsidir. Hər iki obyekt müasir xidmət infrastrukturu ilə təchiz olunub və avtomobil sürücülərinə yanacaqla yanaşı, müxtəlif əlavə xidmətlər də təqdim edir.

Yeni yanacaqdoldurma məntəqələrinin açılması SOCAR-ın Rumıniyada fəaliyyətinin genişləndirilməsi strategiyasının növbəti mərhələsidir. Şirkət ölkənin müxtəlif bölgələrində şəbəkəsini genişləndirərək istehlakçılar üçün xidmətlərin əlçatanlığını artırmağı hədəfləyir.

SOCAR Rumıniya bazarında fəaliyyətə başladığı vaxtdan etibarən ölkə iqtisadiyyatına 400 milyon leydən çox investisiya yatırıb və 900-dən artıq yeni iş yeri yaradıb. Şirkətin yanacaqdoldurma şəbəkəsi hazırda Rumıniyanın 31 inzibati ərazi vahidini əhatə edir. Fəaliyyət Teyuş, Oneşti və Konstansada yerləşən üç yanacaq bazası vasitəsilə dəstəklənir.

SOCAR Rumıniyada fəaliyyətini ardıcıl şəkildə genişləndirərək ölkənin aparıcı yanacaq pərakəndə satış şəbəkələrindən birinə çevrilib. Şirkətin investisiyaları Azərbaycan ilə Rumıniya arasında iqtisadi və enerji sahəsində strateji tərəfdaşlığın inkişafına, həmçinin Azərbaycanın Avropa bazarındakı mövqeyinin daha da möhkəmlənməsinə mühüm töhfə verir.