10 iyul 2026 17:14
92

"Rosselxoznadzor" Qazaxıstanı günəbaxan ixracını 2027-ci ilədək dayandırmağa çağırıb

Rusiyanın Federal Baytarlıq və Fitosanitar Nəzarəti Xidməti ("Rosselxoznadzor") Qazaxıstandan Rusiyaya ərzaq təyinatlı günəbaxan ixracının 2027-ci ilə qədər dayandırılmasını xahiş edib. Qurumun rəsmi bəyanatına görə, buna səbəb qeyd olunan məhsulun toxumlarının ölkəyə qanunsuz yollarla idxal edilməsidir.

“İki sahil” xəbər verir ki, bu barədə RT məlumat yayıb.

"Rosselxoznadzor" toxumların qanunsuz tədarükü ilə bağlı yaranmış vəziyyətlə əlaqədar Qazaxıstanın Kənd Təsərrüfatı Nazirliyinə rəsmi müraciət ünvanlayıb. Müraciətdə ərzaq təyinatlı günəbaxanın Rusiyaya göndərilməsinin 1 yanvar 2027-ci il tarixinədək müvəqqəti olaraq dayandırılması xahiş olunur", - deyə idarənin yaydığı rəsmi məlumatda bildirilir.

Xatırladaq ki, bir qədər əvvəl "Rosselxoznadzor" Ermənistanın bütün müəssisələrindən Rusiyaya balıq məhsullarının idxalına da müəyyən məhdudiyyətlər tətbiq etmişdi.