10 iyul 2026 15:32
81

ETİHİ nümayəndələri Qırğızıstanda keçirilən regional seminarda iştirak ediblər

8-10 iyul 2026-cı il tarixlərində Qırğızıstan Respublikasının İssık-Kul vilayətində Beynəlxalq Əmək Təşkilatının (BƏT) və Qırğızıstan Respublikasının Təhsil və Elm İşçiləri Həmkarlar İttifaqının Mərkəzi Komitəsinin birgə təşkilatçılığı ilə “Təhsil işçilərinin hüquqlarının müdafiəsi: müasir şəraitdə həmkarlar ittifaqlarının rolu” mövzusunda regional seminar keçirilib.

“İki sahil” xəbər verir ki, seminarda BƏT/ACTRAV-ın Avropa və Mərkəzi Asiya üzrə rəhbəri Serqius Qlovaskas, Qırğızıstan Həmkarlar İttifaqları Federasiyasının sədri Muradil Cumadilde, eləcə də Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan və Türkmənistanın elm və təhsil işçiləri həmkarlar ittifaqlarının nümayəndələri iştirak ediblər.

Tədbirdə təhsil işçilərinin əmək hüquqlarının müdafiəsi, sosial dialoqun gücləndirilməsi, kollektiv danışıqların inkişafı, layiqli əməyin təşviqi, təhlükəsiz və sağlam əmək şəraitinin təmin edilməsi, beynəlxalq əmək standartlarının tətbiqi, həmkarlar ittifaqlarının müasir dövrdə rolu, təhsil sahəsinin müasir çağırışlara uyğun inkişafı və süni intellekt dövründə təhsil sisteminin transformasiyası məsələləri ətrafında geniş fikir mübadiləsi aparılıb.

İştirakçı ölkələrin elm və təhsil işçiləri həmkarlar ittifaqlarının nümayəndələri öz ölkələrində mövcud vəziyyət, əldə olunan nailiyyətlər və qarşıda duran çağırışlarla bağlı təqdimatlarla çıxış edib, BƏT-in konvensiyalarının təşviqi və tətbiqi istiqamətində təcrübələrini bölüşüblər.

Tacikistan nümayəndə heyətinin təşəbbüsü ilə region ölkələrinin birgə fəaliyyətini əlaqələndirəcək işçi qrupunun yaradılması təklifi irəli sürülüb və iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Sonda sosial tərəfdaşlığın gücləndirilməsi, əmək hüquqlarının müdafiəsi və beynəlxalq əmək standartlarının milli səviyyədə tətbiqinin vacibliyi vurğulanıb.