“Tibbi sığorta haqqında” və “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi birinci oxunuşda təsdiqlənib.
“İki sahil” xəbər verir ki, bu məsələ parlamentin iyulun 10-da keçirilən plenar iclasının gündəliyinə daxil edilib.
Qanun layihəsi Azərbaycan Prezidentinin 2026-cı il 19 mart tarixli 631 nömrəli “Əhalinin icbari tibbi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Fərmanının icrası məqsədilə hazırlanıb.
Layihədə aşağıdakı dəyişikliklərin edilməsi nəzərdə tutulur:
- “Tibbi sığorta haqqında” Qanuna icbari tibbi sığorta fondu anlayışının əlavə edilməsi;
- icbari tibbi sığortanın tətbiqi ilə bağlı əməliyyatların müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın informasiya sistemi vasitəsilə elektron qaydada həyata keçirilməsinin hüquqi əsaslarının müəyyən edilməsi, o cümlədən sığortaolunanlara ambulator şəraitdə istifadə olunan dərman vasitələrinin aptek təşkilatları tərəfindən həmin informasiya sisteminə ötürülmüş elektron resept əsasında buraxılması;
- icbari tibbi sığorta şəhadətnaməsinin elektron formada həmin informasiya sistemində yaradılması.
Layihənin qəbul edilməsi nəticəsində icbari tibbi sığorta sahəsində elektron xidmətlərin hüquqi əsaslarının təkmilləşdirilməsi, ambulator şəraitdə istifadə olunan dərman vasitələrinin elektron resept əsasında verilməsinin qanunvericiliklə tənzimlənməsi və icbari tibbi sığorta şəhadətnaməsinin elektron formada yaradılması təmin ediləcək, habelə əlilliyi olan şəxslərin reabilitasiya imkanlarının qiymətləndirilməsi ilə bağlı hüquqi tənzimləmə reabilitasiya xidmətlərinin göstərilməsi sahəsində səlahiyyətlərin yenidən bölgüsünə uyğunlaşdırılacaq.