Səbuhi Gülməmmədov: Müasir texnologiyalar auditin səmərəliliyini artırır, risklərin idarə olunmasını gücləndirir və peşənin gələcək inkişafını müəyyənləşdirir
Rəqəmsal transformasiya iqtisadiyyatın bütün sahələrində olduğu kimi, audit fəaliyyətində də yeni yanaşmaların formalaşmasına təkan verir. İnnovativ texnologiyaların tətbiqi audit proseslərinin daha çevik, dəqiq və şəffaf təşkilinə imkan yaratmaqla yanaşı, risklərin vaxtında müəyyənləşdirilməsi və qərarların daha etibarlı məlumatlar əsasında qəbul edilməsini təmin edir.
Azərbaycan Respublikası Auditorlar Palatasının icraçı direktoru Səbuhi Gülməmmədov "İki sahil" qəzetinə müsahibəsində rəqəmsallaşmanın audit sahəsinə təsiri, tətbiq olunan müasir texnologiyalar və bu istiqamətdə həyata keçirilən yeniliklər barədə fikirlərini bölüşüb.
Səbuhi Gülməmmədov bildirib ki, rəqəmsallaşma və dördüncü sənaye inqilabı maliyyə-təsərrüfat fəaliyyətlərinin audit mexanizmlərini köklü şəkildə dəyişdirib. Onun sözlərinə görə, ənənəvi audit metodologiyasında istifadə olunan kağız daşıyıcılı sənədləşmə və statistik seçmə üsulları artıq böyük həcmli məlumatların real vaxt rejimində fasiləsiz təhlili ilə əvəz olunur. O qeyd edib ki, bu transformasiya audit risklərinin minimuma endirilməsinə, daxili nəzarət sistemlərinin səmərəliliyinin artırılmasına və audit sübutlarının etibarlılığının daha da gücləndirilməsinə mühüm töhfə verir.
İcraçı direktor vurğulayıb ki, müasir audit prosesində böyük məlumatların analitikası xüsusi əhəmiyyət daşıyır. O bildirib ki, məlumat analitikası alətləri maliyyə məlumatlarının tam həcmdə təhlilinə imkan verir, qeyri-adi əməliyyatları, kənarlaşmaları və mümkün maliyyə fırıldaqçılığı risklərini avtomatik şəkildə müəyyənləşdirir. Bununla da seçmə üsulla aparılan yoxlamaların yaratdığı informasiya itkisi riski aradan qaldırılır və auditin dəqiqliyi artır.
Səbuhi Gülməmmədov qeyd edib ki, süni intellekt və maşın öyrənməsi texnologiyaları da audit proseslərinə yeni imkanlar qazandırır. Onun sözlərinə görə, bu sistemlər əvvəlki audit məlumatlarını və cari maliyyə göstəricilərini təhlil edərək risk profillərini proqnozlaşdırır, mürəkkəb mühasibat əməliyyatlarında qanunauyğunluqları müəyyən edir və auditorun peşəkar mühakimə yürütməsini dəstəkləyir. O vurğulayıb ki, rutin əməliyyatların avtomatlaşdırılması auditorların daha yüksək analitik dəyər yaradan məsələlərə fokuslanmasına şərait yaradır.
İcraçı direktor bildirib ki, bulud texnologiyalarının tətbiqi auditorlarla audit olunan subyektlər arasında təhlükəsiz məlumat mübadiləsini və məsafədən səmərəli əməkdaşlığı təmin edir. O qeyd edib ki, bu yanaşma xüsusilə transmilli şirkətlərin və müxtəlif regionlarda fəaliyyət göstərən holdinqlərin konsolidə edilmiş maliyyə hesabatlarının auditində əməliyyat səmərəliliyini əhəmiyyətli dərəcədə artırır.
Səbuhi Gülməmmədov vurğulayıb ki, robotik proseslərin avtomatlaşdırılması da audit fəaliyyətində mühüm yeniliklərdən biridir. Onun sözlərinə görə, bu texnologiya məlumatların müxtəlif sistemlərdən toplanması, üzləşdirilməsi və ilkin hesabatların hazırlanması kimi təkrarlanan prosesləri insan müdaxiləsi olmadan həyata keçirməyə imkan verir. Nəticədə əməliyyat xərcləri və icra müddəti azalır, insan amilindən irəli gələn səhvlər minimuma endirilir.
İcraçı direktor qeyd edib ki, Auditorlar Palatası da rəqəmsal transformasiya istiqamətində mühüm layihələr həyata keçirir. O bildirib ki, Auditorun Şəxsi Kabineti sistemi yenidən qurulub və hazırda sınaq mərhələsindədir. Bu mərhələ başa çatdıqdan sonra sistemin geniş tətbiqinə dair təqdimat keçiriləcək. Bununla yanaşı, Auditor Sertifikatlarının və İcazələrinin İdarəedilməsi Sistemi artıq istifadəyə verilib. Hazırda sertifikat və icazələrin QR kod vasitəsilə təqdim olunması və doğrulanması mexanizminin tətbiqi istiqamətində müvafiq işlər davam etdirilir.
Səbuhi Gülməmmədov bildirib ki, rəqəmsal transformasiya audit xidmətlərinin keyfiyyətinin yüksəldilməsinə, şəffaflığın artırılmasına və korporativ idarəetmə prinsiplərinin institusional səviyyədə möhkəmləndirilməsinə mühüm töhfə verir. O vurğulayıb ki, yeni texnoloji mühit auditor peşəsi qarşısında da yeni tələblər formalaşdırır. Onun sözlərinə görə, müasir auditor yalnız maliyyə və mühasibat uçotu sahəsində deyil, eyni zamanda məlumat analitikası, informasiya texnologiyalarının audit metodologiyası və kibertəhlükəsizlik risklərinin idarə olunması istiqamətlərində də müasir bilik və bacarıqlara malik olmalıdır. İcraçı direktor əlavə edib ki, texnoloji ekosistemin audit fəaliyyətinə inteqrasiyası peşənin gələcək inkişafını müəyyən edən əsas istiqamətlərdən biri kimi çıxış edir.
Yaqut Ağaşahqızı, “İki sahil”