Belarusda Rusiyanın "Oreşnik" raket kompleksinin və taktik nüvə silahının yerləşdirilməsi bəzi kənar qüvvələrin təcavüzkar ambisiyalarının qarşısını almağa və "ən qızğın başları soyutmağa" qadirdir.
“İki sahil” BELTA-ya istinadla xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko bildirib. Onun qənaətinə görə, yalnız "güclü, yaxşı silahlanmış, xalqa və dövlətə sadiq ordusu olan" bir ölkə həqiqi mənada suveren ola bilər.
Lukaşenko ali hərbi təhsil müəssisələrinin məzunları və ali zabit heyətinin şərəfinə təşkil olunmuş rəsmi mərasimdə çıxış edərkən Belarusun uzun illər ərzində öz silahlı qüvvələrini qurduğunu, inkişaf etdirdiyini və gücləndirdiyini qeyd edib.
Belarusun rəsmi "BELTA" agentliyinin sitatına görə, dövlət başçısı vurğulayıb: "Belarusda mobil 'Oreşnik' raket kompleksinin və taktik nüvə silahının yerləşdirilməsi, ən qızğın başları soyutmağa qadir olan ciddi bir strateji çəkindirmə faktoruna çevrilmişdir".
Lukaşenko əmindir ki, sözügedən silahlar ölkənin müdafiə qabiliyyətini və təhlükəsizlik səviyyəsini əhəmiyyətli dərəcədə artırır. "Biz bu məsələlərlə lovğalanmırıq. Kimisə qorxutmaq üçün bu mövzuları gündəmə gətirmirik. Lakin siz anlamalısınız ki, bu silahlar Belarusa gətirilmiş hər hansı bir metal qırıntısı deyil. Bu və ya digər silahın nə üçün nəzərdə tutulduğunu siz məndən daha yaxşı bilirsiniz. Və aqressiv düşünən o şəxslər öz planlarını yenidən nəzərdən keçirməlidirlər", — deyə o əlavə edib.