Belarus Prezidenti Aleksandr Lukaşenko respublika hərbçilərinin Rusiya ilə Ukrayna arasındakı hərbi əməliyyatlarda iştirak etməyəcəyini bəyan edib. Eyni zamanda, o, Qərb ölkələrini Rusiya–Ukrayna münaqişəsini süni şəkildə uzatmaqda günahlandırıb.
“İki sahil” xəbər verir ki, Belarus prezidentinin administrasiyasının rəsmi saytında bildirilir ki, Belarus lideri ali hərbi məktəblərin məzunları və ali zabit heyəti ilə keçirdiyi rəsmi görüşdə mövzu ilə bağlı bunları vurğulayıb: "Heç kim sizi bu qırğına göndərməyəcək. Müharibə bizə lazım deyil, Ukraynada müharibənin getməsi pis hadisədir".
Aleksandr Lukaşenko diqqətə çatdırıb ki, Belarus münaqişənin dinc və diplomatik yollarla tənzimlənməsinin tərəfdarıdır, lakin "beynəlxalq müharibə partiyası" bunu istəmir. "Biz dinc insanlarıq, savaşmaq istəmirik, lakin düşmən qarşısında da baş əymək niyyətimiz yoxdur", — deyə Belarus Prezidenti əlavə edib.