05 iyul 2026 10:10
175

Prezident İlham Əliyevin fəaliyyətinə ictimai dəstək yüksək səviyyədədir - RƏY

Bu etimad əldə olunan tarixi, siyasi, sosial və iqtisadi uğurların cəmiyyətdə formalaşdırdığı real münasibətin ifadəsidir

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin təqdim etdiyi “Azərbaycan Respublikasının Prezidentinin fəaliyyəti ictimai rəydə” adlı sosioloji sorğunun nəticələri Prezident İlham Əliyevin fəaliyyətinə ictimai dəstəyin yüksək səviyyədə olduğunu göstərir.  “Azərbaycan Respublikasının Prezidentinin fəaliyyəti ictimai rəydə” sosioloji sorğusunun nəticələri göstərir ki, Prezident İlham Əliyevə yüksək ictimai etimad təsadüfi deyil. Bu etimad son illərdə əldə olunan tarixi, siyasi, sosial və iqtisadi nəticələrin cəmiyyətdə formalaşdırdığı real münasibətin ifadəsidir.  

Bu sözləri “İki sahil”ə açıqlamasında “İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə deyib.

Onun sözlərinə görə, ilk növbədə, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpa olunması xalqın dövlət başçısına inamını gücləndirən ən mühüm amildir. Qarabağ və Şərqi Zəngəzurun işğaldan azad edilməsi, separatizmin aradan qaldırılması və Azərbaycanın bütün ərazilərində suveren hüquqlarının bərpa olunması müasir tariximizin ən böyük siyasi və hərbi uğurlarındandır.  Sorğuda respondentlərin 87,7 faizinin Prezidentə etimad göstərməsi məhz bu tarixi nəticələrin ictimai rəydə yaratdığı güclü etimadın göstəricisidir. İnsanlar Prezidentin uzun illər bəyan etdiyi əsas milli hədəfi - Qarabağın azad olunması və ölkənin suverenliyinin bərpasını reallığa çevirməsini yüksək qiymətləndirirlər.

Cəsarət Hüseynzadə qeyd edib ki, bu etimadı möhkəmləndirən digər mühüm istiqamət işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa-quruculuq işləri və “Böyük Qayıdış” prosesidir. Qarabağ və Şərqi Zəngəzurda şəhər və kəndlərin yenidən qurulması, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qaytarılması dövlət siyasətinin artıq praktik nəticə verdiyini göstərir.  Respondentlərin 93,6 faizinin Prezidentin fəaliyyətini müsbət qiymətləndirməsi həm də sosial siyasətlə bağlıdır. Son illərdə minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər və həssas qruplara yönəlik dəstək tədbirləri artırılıb. 

Prezident İlham Əliyevin idarəçilik modelində vətəndaş məmnunluğu da əsas istiqamətlərdən biri kimi çıxış edir. ASAN xidmət və DOST mərkəzləri dövlət xidmətlərinin və sosial xidmətlərin daha əlçatan, şəffaf və operativ göstərilməsinə imkan yaradıb. DOST mərkəzlərində 160-dan çox xidmətin “bir pəncərə” prinsipi ilə təqdim olunması, vətəndaş məmnunluğunun yüksək səviyyədə olması bu sahədə aparılan institusional islahatların nəticəsidir. 

O bildirib ki, sorğuda respondentlərin 91,5 faizinin növbəti prezident seçkilərində İlham Əliyevə səs verəcəyini bildirməsi Prezidentə olan etimadın yalnız emosional münasibət deyil, həm də siyasi seçim kimi formalaşdığını göstərir. Bu, cəmiyyətin böyük hissəsinin sabitlik, təhlükəsizlik, ərazi bütövlüyü, sosial inkişaf və güclü dövlət xəttinin davam etməsini dəstəklədiyini nümayiş etdirir. Prezidentin beynəlxalq siyasətdə qazandığı uğurlar da ictimai dəstəyin artmasına təsir edən amillərdəndir. Azərbaycanın COP29 kimi qlobal tədbirə ev sahibliyi etməsi ölkənin beynəlxalq nüfuzunun artmasının göstəricisi kimi qiymətləndirilə bilər. 

Bu baxımdan sorğu nəticələri cəmiyyətdə Prezidentin siyasi kursuna geniş dəstəyin mövcud olduğunu göstərən mühüm ictimai rəy göstəricisidir.

Yaqut Ağaşahqızı, “İki sahil”