Müasir dünyada dövlətlərin inkişaf səviyyəsi artıq təkcə təbii resurslar və ya ənənəvi iqtisadi göstəricilərlə ölçülmür. Rəqəmsal texnologiyaların tətbiqi, süni intellekt imkanlarından səmərəli istifadə, innovasiya mühitinin formalaşdırılması və kibertəhlükəsizliyin təmin edilməsi ölkələrin rəqabət qabiliyyətini müəyyən edən əsas meyarlardan birinə çevrilib. Qlobal iqtisadiyyatın sürətlə rəqəmsallaşdığı, yeni texnologiyaların bütün sahələrə nüfuz etdiyi bir dövrdə Azərbaycan da bu istiqamətdə sistemli və məqsədyönlü siyasət həyata keçirir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə son illərdə rəqəmsal transformasiya dövlət siyasətinin əsas prioritet istiqamətlərindən biri kimi müəyyən edilib. Qarşıya qoyulan məqsəd yalnız dövlət xidmətlərinin elektronlaşdırılması deyil, həm də innovativ iqtisadiyyatın formalaşdırılması, dövlət idarəçiliyinin müasirləşdirilməsi, rəqəmsal texnologiyaların iqtisadiyyatın bütün sahələrinə inteqrasiyası və insan kapitalının inkişafıdır. Bu yanaşma Azərbaycanın uzunmüddətli inkişaf strategiyasının mühüm tərkib hissəsinə çevrilib.
Cari ilin fevral ayında Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirədə qəbul olunan qərarlar məhz bu strateji baxışın növbəti mərhələsini müəyyənləşdirib. Həmin qərarlar nəticəsində rəqəmsal inkişafın idarə olunması üçün yeni institusional mexanizmlər yaradılıb, dövlət qurumları qarşısında konkret vəzifələr müəyyən edilib və qarşıdakı illər üçün fəaliyyət istiqamətləri təsdiq olunub. Bu prosesin mühüm elementlərindən biri Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf Şurasının yaradılmasıdır. Şuranın əsas məqsədi rəqəmsallaşma, innovasiya, süni intellekt və kibertəhlükəsizlik sahələrində dövlət siyasətinin vahid koordinasiya əsasında həyata keçirilməsini təmin etməkdir. Bu Şura müxtəlif dövlət qurumları arasında qarşılıqlı fəaliyyətin gücləndirilməsi, həyata keçirilən layihələrin əlaqələndirilməsi və rəqəmsal inkişaf üzrə strateji qərarların operativ icrasına xidmət edir.
Prezident İlham Əliyevin 27 fevral 2026-cı il tarixli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026–2028-ci illər üçün Fəaliyyət Planı” isə rəqəmsal transformasiyanın əsas yol xəritəsi kimi çıxış edir. Sənəd dövlət idarəçiliyinin rəqəmsallaşdırılması, iqtisadiyyatın innovativ inkişafı, rəqəmsal xidmətlərin genişləndirilməsi, süni intellekt texnologiyalarının tətbiqi və milli kibertəhlükəsizlik sisteminin gücləndirilməsi istiqamətlərində kompleks tədbirləri özündə birləşdirir.
İyunun 29-da Birinci vitse-prezident Mehriban Əliyevanın sədrliyi ilə keçirilən Rəqəmsal İnkişaf Şurasının ilk iclası bu sahədə aparılan islahatların praktik nəticələrinin qiymətləndirilməsi baxımından mühüm önəm kəsb edir. İclas zamanı Fəaliyyət Planının icra vəziyyəti, qanunvericilik islahatları, təhsil sisteminin rəqəmsallaşdırılması, süni intellekt layihələrinin həyata keçirilməsi və kibertəhlükəsizlik üzrə görülən işlər geniş müzakirə edilib.
Rəqəmsal İnkişaf Şurasının sədri Mehriban Əliyeva çıxışında qeyd edib ki, Şuranın prioritetləri dövlət idarəçiliyində rəqəmsallaşmanın, süni intellektin, kibertəhlükəsizliyin və innovasiya ekosisteminin inkişafı, eləcə də investisiyaların və startapların dəstəklənməsidir. Mehriban Əliyeva süni intellektin strateji əhəmiyyətini vurğulayaraq, bütün qərarların Azərbaycanın milli maraqlarına uyğun qəbul edilməsinin vacibliyini bildirib.
Hazırda dövlət xidmətlərinin rəqəmsallaşdırılması istiqamətində həyata keçirilən layihələr vətəndaşların gündəlik həyatında mühüm dəyişikliklər yaradır. “mygov” və “mygov Biznes” platformalarının genişləndirilməsi nəticəsində dövlət xidmətləri vahid rəqəmsal məkanda birləşdirilir. Ayrı-ayrı qurumların elektron xidmətlərinin inteqrasiyası vətəndaşların müxtəlif platformalar arasında keçid etməsinə ehtiyacı aradan qaldırır, xidmətlərin daha sürətli və rahat təqdim edilməsini təmin edir. Bu sahədə tətbiq olunan “Yalnız bir dəfə” prinsipi dövlət idarəçiliyində mühüm yeniliklərdən biridir. Dövlət informasiya sistemlərində mövcud məlumatlardan təkrar istifadə edilməsi və vətəndaşdan eyni sənədin bir neçə dəfə tələb olunmaması bürokratik maneələrin aradan qaldırılmasına və xidmətlərin operativliyinin artırılmasına imkan verir. Proaktiv xidmətlərin tətbiqi isə dövlət xidmətlərinin vətəndaş müraciəti olmadan avtomatik şəkildə göstərilməsini təmin edir.
İnnovasiya ekosisteminin inkişafı da Fəaliyyət Planının əsas istiqamətlərindən biridir. Bu məqsədlə hazırlanmış qanunvericilik paketi rəqəmsal texnologiyalar, startaplar və innovativ sahibkarlıq üçün yeni hüquqi və iqtisadi imkanlar yaradır. Vençur kapitalı fondlarının fəaliyyətinin tənzimlənməsi, kraudfandinq mexanizmlərinin tətbiqi, “mələk investorlar” institutunun formalaşdırılması, eləcə də yüksək texnologiyalar sahəsində fəaliyyət göstərən şirkətlər üçün uzunmüddətli vergi güzəştləri innovasiya mühitinin inkişafına mühüm təkan verəcək.
Süni intellekt texnologiyalarının tətbiqi də qarşıdakı illərin əsas prioritetlərindəndir. Dövlət xidmətlərində virtual köməkçilərin istifadəsi, məlumatların analitik emalı, qərarvermə proseslərinin optimallaşdırılması və milli hesablama infrastrukturunun yaradılması bu istiqamətdə həyata keçirilən mühüm layihələr sırasındadır. Süni intellektdən istifadənin genişləndirilməsi dövlət idarəçiliyinin çevikliyini artırmaqla yanaşı, resurslardan daha səmərəli istifadə edilməsinə də şərait yaradır.
Rəqəmsal inkişafın davamlılığını təmin edən əsas amillərdən biri isə kibertəhlükəsizlikdir. Rəqəmsal transformasiya genişləndikcə informasiya sistemlərinin müdafiəsi daha böyük əhəmiyyət kəsb edir. Bu məqsədlə Milli Kibertəhlükəsizlik Agentliyinin yaradılması, Milli CERT və Təhlükəsizlik Əməliyyatları Mərkəzinin fəaliyyətə başlaması, kritik informasiya infrastrukturunun mühafizəsi və kibertəhdidlərin süni intellekt vasitəsilə aşkarlanması istiqamətində mühüm addımlar atılır.
Təhsil sahəsində aparılan islahatlar da rəqəmsal inkişaf strategiyasının mühüm hissəsini təşkil edir. “Rəqəmsal məktəb”, “STEAM Azərbaycan” və “Rəqəmsal bacarıqlar” layihələri gələcəyin əmək bazarına uyğun bilik və bacarıqlara malik yeni nəslin formalaşdırılmasına xidmət edir. Təhsil xidmətlərinin elektronlaşdırılması, rəqəmsal sənədlərin tətbiqi və süni intellekt əsaslı öyrənmə modellərinin hazırlanması təhsilin keyfiyyətini yeni mərhələyə yüksəldir. Bununla yanaşı, dövlət informasiya sistemlərinin Hökumət Buludu platformasına mərhələli köçürülməsi, Milli Məlumat Hövzəsinin yaradılması və böyük verilənlərin idarə olunması gələcəkdə fərdiləşdirilmiş dövlət xidmətlərinin tətbiqinə, qərarların daha dəqiq statistik təhlillər əsasında qəbul edilməsinə və dövlət idarəçiliyinin səmərəliliyinin artırılmasına imkan yaradacaqdır.
Nəticə etibarilə, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən rəqəmsal inkişaf strategiyası Azərbaycanın müasir texnologiyalar əsasında inkişaf edən dövlətlər sırasında mövqeyini daha da möhkəmləndirir. Rəqəmsallaşma, innovasiya, süni intellekt və kibertəhlükəsizlik sahələrində reallaşdırılan islahatlar dövlət idarəçiliyinin təkmilləşdirilməsinə, iqtisadiyyatın rəqabət qabiliyyətinin yüksəldilməsinə, vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin artırılmasına və yüksək texnologiyalar üzərində qurulan dayanıqlı inkişaf modelinin formalaşdırılmasına mühüm töhfə verir. Bu strateji yanaşma yaxın illərdə Azərbaycanın regionun aparıcı rəqəmsal və innovasiya mərkəzlərindən birinə çevrilməsi üçün möhkəm əsas yaradır.
Heydər Əsədov,
Milli Məclisin deputatı