04 iyul 2026 13:11
136

Rəqəmsal transformasiya milli inkişaf strategiyasının əsas prioritetlərindən biridir

Azərbaycan son illərdə Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl islahatlar nəticəsində regionun siyasi, iqtisadi və nəqliyyat mərkəzlərindən birinə çevrilib. Hazırda isə ölkə inkişafın yeni mərhələsinə qədəm qoyaraq rəqəmsal transformasiya, süni intellekt, innovasiya və kibertəhlükəsizlik sahələrində genişmiqyaslı dəyişikliklər həyata keçirir. Bu proses yalnız texnoloji yenilənmə deyil, eyni zamanda dövlət idarəçiliyinin modernləşdirilməsi, iqtisadiyyatın rəqabət qabiliyyətinin artırılması və Azərbaycanın rəqəmsal suverenliyinin möhkəmləndirilməsi baxımından strateji əhəmiyyət daşıyır.

Cari ilin fevral ayında cənab Prezidentin  sədrliyi ilə keçirilən müşavirədə ölkənin rəqəmsal inkişaf istiqamətlərini müəyyən edən mühüm qərarlar qəbul edildi. Həmin qərarlar əsasında Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf Şurasının yaradılması və “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026–2028-ci illər üçün Fəaliyyət Planı”nın təsdiqi dövlətin bu sahədə uzunmüddətli və sistemli yanaşmasının növbəti təzahürü oldu. Bu təşəbbüslər Prezident cənab İlham Əliyevin müasir dövrün çağırışlarını düzgün qiymətləndirən uzaqgörən siyasətinin nəticəsi kimi çıxış edir. Dövlət başçısı dəfələrlə vurğulayıb ki, gələcəyin iqtisadi gücü yalnız təbii resurslarla deyil, bilik, innovasiya və texnologiyalarla müəyyən ediləcək. Məhz buna görə də rəqəmsallaşma dövlət siyasətinin əsas prioritetlərindən biri kimi müəyyənləşdirilib. Təsdiq olunmuş Fəaliyyət Planı rəqəmsallaşma, innovasiya, süni intellekt və kibertəhlükəsizlik istiqamətlərində qarşıdakı üç il üçün konkret hədəfləri müəyyən edir. Sənəd dövlət xidmətlərinin daha əlçatan və şəffaf olmasını, iqtisadiyyatın rəqəmsal sektorunun genişlənməsini, innovasiya ekosisteminin gücləndirilməsini və Azərbaycanın beynəlxalq rəqabət qabiliyyətinin artırılmasını nəzərdə tutur. Bu istiqamətdə xüsusi əhəmiyyət daşıyan hadisələrdən biri də 29 iyun 2026-cı il tarixində Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf Şurasının ilk iclasının keçirilməsi oldu. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın sədrliyi ilə keçirilən iclas ölkənin rəqəmsal transformasiya siyasətinin yüksək səviyyədə koordinasiya olunduğunu bir daha nümayiş etdirdi. Mehriban xanım Əliyeva çıxışında rəqəmsal inkişafın dövlət siyasətinin əsas prioritetlərindən biri olduğunu vurğulayaraq, süni intellekt, innovasiya, kibertəhlükəsizlik və rəqəmsal idarəetmə sahələrində görülən işlərin Azərbaycanın milli maraqlarına uyğun şəkildə həyata keçirilməsinin vacibliyini qeyd etdi.

Birinci vitse-prezidentin rəhbərliyi altında fəaliyyət göstərən Şura dövlət qurumları arasında koordinasiyanın gücləndirilməsi, innovasiya əsaslı iqtisadi modelə keçidin sürətləndirilməsi və rəqəmsal texnologiyaların cəmiyyət həyatına daha geniş inteqrasiyası baxımından mühüm platforma rolunu oynayır. Hazırda ölkədə həyata keçirilən rəqəmsallaşma siyasətinin mərkəzində vətəndaş məmnuniyyətinin artırılması dayanır. Dövlət xidmətlərinin vahid platforma üzərindən təqdim olunmasını nəzərdə tutan “mygov” və “mygov Biznes” layihələri bu baxımdan xüsusi əhəmiyyət kəsb edir. Ayrı-ayrı dövlət qurumlarının müxtəlif tətbiqlərindən istifadə etmək zərurətinin aradan qaldırılması, xidmətlərin vahid ekosistemə inteqrasiyası və proseslərin sadələşdirilməsi vətəndaşlarla dövlət arasında münasibətlərin yeni keyfiyyət mərhələsinə yüksəlməsinə xidmət edir. Artıq “e-Sosial”, “e-Təbib”, “e-Su” kimi vacib platformalar “mygov” ekosisteminə inteqrasiya olunub. Digər dövlət xidmətlərinin də mərhələli şəkildə vahid sistemə keçirilməsi nəzərdə tutulur. Bu yanaşma dövlət xidmətlərinin operativliyini artırmaqla yanaşı, şəffaflığın gücləndirilməsinə və korrupsiya risklərinin minimuma endirilməsinə də imkan yaradır.

Rəqəmsallaşmanın ən mühüm istiqamətlərindən biri proaktiv xidmətlərin tətbiqidir. Yaşa görə pensiyanın vətəndaş müraciəti olmadan təyin edilməsi, uşağın anadan olmasına görə birdəfəlik müavinətin avtomatik hesablanması, sənədlərin etibarlılıq müddətinin başa çatması ilə bağlı xəbərdarlıqların göndərilməsi kimi yeniliklər dövlət xidmətlərinin insan yönümlü xarakterini daha da gücləndirir. Bu, Prezident cənab İlham Əliyevin vətəndaş məmnuniyyətinin artırılmasına yönəlmiş siyasətinin praktiki nəticələrindən biridir. Azərbaycanın rəqəmsal inkişaf strategiyasında innovasiya ekosisteminin gücləndirilməsi də xüsusi yer tutur. Hazırlanmış qanunvericilik paketi ölkənin texnologiya və innovasiya sahəsində regional liderə çevrilməsinə xidmət edir. Vençur kapitalı fondlarının fəaliyyətinin tənzimlənməsi, kraudfandinq mexanizmlərinin yaradılması, “mələk investorlar” institutunun formalaşdırılması, texnologiya şirkətləri üçün uzunmüddətli vergi güzəştlərinin tətbiqi və innovativ məhsulların dövlət satınalmalarında dəstəklənməsi Azərbaycanın investisiya cəlbediciliyini əhəmiyyətli dərəcədə artıracaq.

Bu islahatlar cənab Prezidentin iqtisadiyyatın şaxələndirilməsi siyasətinin məntiqi davamıdır. Məqsəd neft-qaz sektorundan kənar sahələrin inkişafını sürətləndirmək, yüksək əlavə dəyər yaradan texnologiya əsaslı iqtisadiyyat formalaşdırmaq və ölkəni regional innovasiya mərkəzinə çevirməkdir. Süni intellekt sahəsində həyata keçirilən tədbirlər isə Azərbaycanın gələcəyin texnologiyalarına hazırlığını nümayiş etdirir. Dövlət xidmətlərində süni intellekt həllərinin tətbiqi, “mygov” platformasında virtual vətəndaş köməkçisinin istifadəyə verilməsi, yüksəksəviyyəli hesablama infrastrukturunun yaradılması və milli GPU sistemlərinin qurulması ölkənin bu sahədə qabaqcıl dövlətlər sırasına qoşulmaq niyyətini ortaya qoyur. Eyni zamanda, süni intellekt üzrə “Tənzimləyici test mühiti”nin yaradılması innovativ həllərin təhlükəsiz və effektiv şəkildə tətbiqinə imkan verəcək. Bu yanaşma beynəlxalq təcrübəyə uyğun olaraq texnoloji yeniliklərin inkişafını sürətləndirəcək və yeni rəqəmsal məhsulların meydana çıxmasına şərait yaradacaq. Rəqəmsal transformasiyanın ayrılmaz hissəsi olan kibertəhlükəsizlik sahəsində də mühüm addımlar atılır. Milli Kibertəhlükəsizlik Agentliyinin yaradılması, Milli CERT və Təhlükəsizlik Əməliyyatları Mərkəzinin formalaşdırılması, kritik informasiya infrastrukturunun qorunması üzrə yeni tələblərin müəyyən edilməsi dövlətin rəqəmsal təhlükəsizliyə verdiyi önəmin göstəricisidir. Müasir dövrdə kibertəhlükəsizlik milli təhlükəsizliyin ayrılmaz komponentinə çevrilib. Azərbaycan bu reallığı nəzərə alaraq dövlət qurumlarının, biznes subyektlərinin və vətəndaşların rəqəmsal təhlükəsizliyini təmin edən müasir müdafiə mexanizmləri yaradır. Bu istiqamətdə həyata keçirilən islahatlar ölkənin beynəlxalq kibertəhlükəsizlik reytinqlərində mövqeyinin daha da yaxşılaşmasına xidmət edəcək.

Təhsil sahəsində həyata keçirilən rəqəmsal transformasiya da diqqətəlayiq nəticələr verir. “Rəqəmsal məktəb”, “Rəqəmsal bacarıqlar” və “STEAM Azərbaycan” layihələri yeni nəslin müasir texnologiyalara yiyələnməsinə, innovativ düşüncə tərzinin formalaşmasına və insan kapitalının inkişafına mühüm töhfə verir. Bu gün yüz minlərlə şagird və müəllim rəqəmsal təhsil imkanlarından istifadə edir və bu proses davamlı şəkildə genişlənir. Bütün bunlar göstərir ki, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən rəqəmsal inkişaf strategiyası Azərbaycanın uzunmüddətli milli maraqlarına xidmət edən fundamental islahatlar paketidir. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Rəqəmsal İnkişaf Şurası isə bu strateji kursun koordinasiyalı və səmərəli icrasını təmin edən mühüm idarəetmə mexanizmi kimi çıxış edir. Bu gün Azərbaycan yalnız regionun siyasi və iqtisadi liderlərindən biri deyil, eyni zamanda Cənubi Qafqazın rəqəmsal və texnoloji mərkəzinə çevrilmək istiqamətində inamla irəliləyir. Dövlət başçısının uzaqgörən siyasəti, Birinci vitse-prezidentin fəal koordinasiya fəaliyyəti və həyata keçirilən sistemli islahatlar ölkənin rəqəmsal gələcəyinin möhkəm təməllər üzərində qurulduğunu nümayiş etdirir.

Mehriban Vəliyeva,

Milli Məclisin deputatı