03 iyul 2026 00:37
90

Makronizm və Fransanın borc bataqlığı

Emmanuel Makron 2017-ci ildə Fransa prezidenti seçiləndə onun əsas vədi ölkə iqtisadiyyatını modernləşdirmək, əmək bazarını liberallaşdırmaq və Fransanı qlobal investorlar üçün daha cəlbedici etmək idi. Bu siyasi və iqtisadi xətt subyektin adı ilə "Makronizm" adlandırıldı. Makronizm biznesyönümlü islahatlar və qlobal rəqabətədavamlılıq üzərində qurulsa da, bu gün Fransa iqtisadiyyatı ciddi bir reallıqla üz-üzədir: tarixi zirvəyə çatmış dövlət borcu. Makronizm nə klassik sol, nə də klassik sağ siyasi ideologiyaya tam sığmır. Onun iqtisadi sütunları aşağıdakılar idi: Şirkətlərin üzərindəki vergi yükünü azaldaraq investisiyaları stimullaşdırmaq, işəgötürmə və işdənçıxarma proseslərini sadələşdirmək (işsizliyi azaltmaq məqsədilə), pensiya yaşının artırılması və dövlət xərclərinin səmərəliləşdirilməsi. Bəs bu siyasət niyə uğurlu iqtisadi sıçrayış əvəzinə Fransanı böyük bir borc yükünün altına saldı?

Ötən ay Fransa Respublikasının dövlət borcu 3 536 milyard avro həddinə çatdı və hazırda ÜDM-in 117,5 faizini təşkil edir. Bu borcu qaytarmaq üçün Paris bütün qızıl ehtiyatlarını, qiymətli kağızlarını, EDF, Engie, Airbus və digər bu kimi şirkətlərdəki paylarını, eləcə də bütün dövlət daşınmaz əmlakını satmalıdır. Lakin auditorların qiymətləndirmələrinə görə, hətta bu aktivlərin hesabına belə həmin öhdəlikləri bağlamaq riyazi olaraq qeyri-mümkündür və "borc boğulması" riski büdcə üçün real təhdidə çevrilib. Bu nəticələr heç də mübaliğə deyil - vəziyyət həqiqətən də acınacaqlı görünür. Fransa iqtisadiyyatı zəifləyib: Milli Statistika və İqtisadi Araşdırmalar İnstitutunun (INSEE) dəqiqləşdirilmiş məlumatlarına görə, 2026-cı ilin birinci rübündə ÜDM 0,1 faiz azalıb. Fransa Bankı illik artım proqnozunu 0,5 faizə qədər endirib — bu, mart ayındakı gözləntilərdən (0,9 faiz) 0,4 faiz bəndi aşağıdır. Kütləvi informasiya vasitələri və ekspertlər demək olar ki, bir səslə "üçqat zərbə" barədə danışırlar: Yaxın Şərqdəki müharibə və Hörmüz boğazının blokadasının səbəb olduğu enerji zərbəsi, maliyyə zərbəsi və vergi zərbəsi. Dövlət büdcəsinin irimiqyaslı defisiti fonunda (ÜDM-in 5 faizdən çox səviyyəsində proqnozlaşdırılır) dövlət sərt fiskal tənzimləmələr aparmağa və dövlət xərclərini məhdudlaşdırmağa məcburdur. Bütün bunlar makroiqtisadi proqnozların kəskin şəkildə yenidən nəzərdən keçirilməsinə təkan verib: Fransa Bankı illik inflyasiya hədəfini artıraraq orta hesabla 2,5 faizə qaldırıb. Büdcə defisitini nəzarətə almağa çalışan hökumət, dövriyyəsi 1,5 milyard avrodan çox olan iri şirkətlər üçün fövqəladə korporativ rüsumların müddətini uzatdı. Bu səbəbdən bəzi nəhənglər üçün effektiv mənfəət vergisi (CIT) dərəcəsi 36,3 faizə çatır. Eyni zamanda, sosial etirazlara rəvac verməmək üçün sosial xərclər ixtisar edilmədi, defisit isə yeni vergi dalğaları, o cümlədən super zəngin vətəndaşlar üçün minimum 20 faizlik vergi hesabına kompensasiya olunur. Nəticə gözləniləndir: biznes dairələri və bank sektoru xəbərdarlıq edir ki, ekstra-vergilər ölkəni rəqabətdən kənarlaşdırır və investorları kapitallarını ölkə xaricinə çıxarmağa məcbur edir.

Xarici borc mənzərəsi də ümidsizdir. Xarici borc 8,5–9 trilyon dollar (ÜDM-in 245–261 faizi), iqtisadiyyatın ümumi borcu isə ÜDM-in 319 faizi həcmində qiymətləndirilir. Öz növbəsində, Fransanın Hesablama Palatasının (Cour des comptes) baş auditoru və müvəqqəti rəhbəri Karin Kambi struktur böhranını təsdiqləyərək qeyd edir ki, həddindən artıq borc Beşinci Respublikanın maliyyə imkanlarını və siyasi qərarlarını məhdudlaşdırır.

Digər tərəfdən, investorlar artıq uzun müddətdir ki, Yelisey sarayından maliyyə böhranı ilə mübarizədə ciddi uğurlar gözləmirlər. Emmanuel Makron hakimiyyətə gəldiyi gündən bəri dövlət aparatının görünməmiş dərəcədə böyüməsinə rəvac verib: 2024-cü ilə qədər dövlət xərclərinin payı ÜDM-in 57 faizinə çataraq inkişaf etmiş ölkələr üçün rekord göstərici olub. 2017-ci ildə, Makron prezident vəzifəsinə başlayanda Fransada dövlət borcunun ÜDM-ə nisbəti avrozonanın orta göstəricisindən 11 faiz bəndi yüksək idisə, 2024-cü ilə qədər bu fərq 25 bəndə qədər artdı ki, bu da sistemli pisləşmədən xəbər verir.

İki ildən az müddətdə ölkədə beş baş nazir dəyişib və hər yeni kabinet əvvəlkindən daha zəif olub, parlamentdə sabit çoxluq formalaşdıra və aydın bir iqtisadi strategiya təklif edə bilməyib. Bununla yanaşı, Makron özünü bazar səmərəliliyini sosial müdafiə ilə, milli suverenliyi isə Avropa inteqrasiyası ilə birləşdirən bir praqmatik kimi qələmə verirdi. Lakin onun praqmatizm ritorikasının arxasında mövcud iqtisadi iyerarxiyanı qoruyub saxlamaq istəyi aydın görünür; bu iyerarxiyada bazara olan "etimad" sosial həmrəylikdən, fiskal normalar siyasi konsensusdan üstün tutulur, "islahatlar" əslində sosial müdafiənin ixtisarı, "rəqabətqabiliyyətlilik" isə maaşların cilovlanması deməkdir. Nəticədə, həyat səviyyəsinin aşağı düşməsi, dövlət xidmətlərinin pisləşməsi və bahalaşmanın artması fonunda təsisatlara olan inam sarsılıb. 2026-cı ilin birinci rübündə işsizlik son beş ilin maksimumuna - 8,1 faizə çatıb.

Jurnalist Jülyen Şevalyenin (Julien Chevalier) qeyd etdiyi kimi: "Bu vəziyyətdən ilk zərər çəkən avrozona olacaq. Zonanın ikinci ən böyük iqtisadiyyatının bu cür zəifliyi bütün Avropa ölkələrinə təsir edəcək. Avropa İttifaqının üzərində qurulduğu qloballaşmanın dağıldığını nəzərə alsaq, qitə artıq ifrat qeyri-sabitlik dövrünü yaşayır. Üzv dövlətlərin bir-birindən asılılığı bütün sahələrə təsir edə bilər: birincisi, Fransa borcları ilə yüklənmiş Avropa banklarına; ikincisi, avronun məzənnəsinə, Avropanın iqtisadi artımına, bazarın Avropa İttifaqına olan etimadına və hətta onun təsisatlarının sabitliyinə".

Beləliklə, nəhəng dövlət borcu olan, valyuta suverenliyindən məhrum və siyasi mərkəzi parçalanmış Fransa bütün Aİ üçün sistemli bir təhdidə çevrilib. Bu kəskin sualdan qaçan Avropa siyasətçiləri indi onu açıq şəkildə dilə gətirməyə və qərar qəbul etməyə məcburdurlar: "Beşinci Respublikanın çökməsinə icazə vermək olar, yoxsa onu nəyin bahasına olursa-olsun xilas etmək lazımdır?"

Sevinc Azadi, “İki sahil”