Milli Aviasiya Akademiyasının (MAA) təşkilatçılığı ilə “Süni intellekt texnologiyaları və aerokosmik problemlər” mövzusunda IV beynəlxalq elmi-praktik konfrans keçirilib.
“İki sahil” xəbər verir ki, AMEA-nın vitse-prezidenti, ETN İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev tədbirdə çıxış edərək beynəlxalq tədbirin əhəmiyyətini vurğulayıb, MAA-nın intellektual potensialını, burada elm, təhsil və sənaye arasında dayanıqlı əlaqələrin qurulması, süni intellekt texnologiyalarının geniş tətbiqi və yüksəkixtisaslı gənc kadrların hazırlanması istiqamətində görülən işləri yüksək qiymətləndirib.
Hazırda süni intellekt texnologiyalarının qlobal inkişafın əsas lokomotivlərindən birinə çevrildiyini deyən alim ölkəmizdə bu sahə ilə bağlı ardıcıl və sistemli tədbirlərin həyata keçirildiyini, AR Prezidenti cənab İlham Əliyev tərəfindən mühüm dövlət proqramları, strategiyalar və digər strateji normativ-hüquqi sənədlərin qəbul edildiyini bildirib.
Akademik Rasim Əliquliyev qeyd edib ki, dövlət başçısının müvafiq fərmanına əsasən ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Rəqəmsal İnkişaf Şurasının yaradılması strateji əhəmiyyət daşıyır: “Şuranın yaradılmasında əsas məqsəd süni intellekt əsaslı yeni arxitektur tələblərə uyğun rəqəmsal dövlət infrastrukturunun formalaşdırılması, yüksək göstəricilərə malik vahid rəqəmsal platformanın yaradılması və cəmiyyətin bütün sektorları üzrə harmonik inkişafın təmin olunmasıdır”. Akademikin sözlərinə görə, bu proses həm də milli kibertəhlükəsizliyin gücləndirilməsi, nəticə etibarilə, ölkənin kibersuverenliyinin təmin olunması və on-line mühitdə dövlət maraqlarının qorunması baxımından xüsusi önəm kəsb edir.
AMEA-nın vitse-prezidenti bildirib ki, ölkədə rəqəmsal inkişaf sahəsində aparılan dövlət siyasətinin əsas hədəflərindən biri də elmi cəhətdən əsaslandırılmış milli data ekosisteminin formalaşdırılmasıdır. Akademik data suverenliyin təmin olunmasının dövrümüzün ən mühüm çağırışlarından biri olduğunu qeyd edərək, səhiyyə, aviasiya, nəqliyyat və s. kimi müxtəlif fəaliyyət sahələrində toplanan məlumatların vahid prinsiplər və tələblər əsasında idarə olunması, inteqrasiyası, səmərəli istifadəsi və müvafiq data ekosisteminin formalaşdırılmasının xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Akademik Rasim Əliquliyev diqqətə çatdırıb ki, hazırda ölkəmizdə müvafiq dövlət qurumlarının səmərəli qarşılıqlı fəaliyyəti əsasında mərkəzləşdirilmiş koordinasiya və vahid prinsiplərlə idarə olunan milli kibertəhlükəsizlik ekosistemi formalaşdırılmaqdadır. Aerokosmik sistemlərin kompleks təhlükəsizliyi, o cümlədən kibertəhlükəsizliyinin təmin olunmasının xüsusi aktuallıq kəsb etdiyini vurğulayan alim söyləyib ki, müasir dövrdə bu sistemlər çox müxtəlif növ kibertəhdidlərə məruz qalır. Bu səbəbdən həmin sistemlərə yönəlmiş kiberhücumların, həmçinin bədniyyətli fəaliyyətlərin araşdırılması və qabaqlayıcı tədbirlərin görülməsi məqsədilə kompleks elmi tədqiqatların aparılması vacib məsələlərdəndir.
Alim dövlət başçısı tərəfindən müəyyən edilən əsas prioritetlərdən birinin də milli süni intellekt modelinin yaradılması olduğunu bildirib. Həmçinin konfransda müzakirə olunan məsələlərin qeyd olunan strateji prioritetlərlə tam səsləşdiyini və qarşıya qoyulan vəzifələrin həyata keçirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb.
Çıxışının sonunda akademik Rasim Əliquliyev hazırda təhsil sisteminin qarşısında duran əsas vəzifələrdən birinin qlobal çağırışlara uyğun yüksəkixtisaslı kadrların hazırlanması olduğunu diqqətə çatdırıb. Süni intellekt, Big data, kibertəhlükəsizlik və digər strateji istiqamətlər üzrə davamlı inkişafın təmin edilməsi üçün riyaziyyat, mühəndislik və kompüter elmləri sahələrində fundamental hazırlığın gücləndirilməsinin vacibliyini önə çəkib. Alim xüsusilə riyazi kriptoqrafiya, kvant kriptoqrafiyası və digər yüksək texnologiyalarla bağlı istiqamətlərə diqqət yetirilməsinin zəruriliyini vurğulayıb.