01 iyul 2026 21:40
92

OCDE Fransanı dövlət maliyyəsini ciddi və davamlı şəkildə bərpa etməyə çağırıb

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OCDE) Fransanın dövlət maliyyəsinin vəziyyəti ilə bağlı narahatlığını ifadə edərək ölkəni büdcə kəsirini azaltmağa və dövlət borcunu nəzarət altına almağa çağırıb.

“İki sahil” xəbər verir ki, bu haqda təşkilatın son hesabatında bildirilib.

Qeyd olunub ki, Fransada büdcə kəsiri artmaqda davam edir, dövlət borcu isə sabit şəkildə yüksəlir. OCDE-nin fikrincə, dövlət borcunun davamlılığını təmin etmək üçün əhəmiyyətli və uzunmüddətli büdcə sağlamlaşdırılması zəruridir.

Məlumata görə, Fransa 2025-ci ildə ÜDM-in 5,1 faizi həcmində büdcə kəsiri ilə Avropa İttifaqında Belçikadan sonra ikinci ən yüksək göstəriciyə malik ölkədir. Dövlət borcu isə 3,536 trilyon avroya, yəni ÜDM-in 117,5 faizinə çataraq Yunanıstan və İtaliyadan sonra Aİ-də üçüncü ən yüksək səviyyədə qərarlaşıb.

OCDE xəbərdarlıq edir ki, Avropa Mərkəzi Bankının faiz dərəcələrini artırması, əhalinin yaşlanması, iqlim dəyişikliyi ilə mübarizə və müdafiə xərclərinin artması borc yükünü daha da ağırlaşdıra bilər.

Təşkilatın baş katibi Matias Korman bildirib ki, tədbirlər görülməzsə, Fransanın dövlət borcu 2050-ci ilə qədər ÜDM-in 203 faizinə çata bilər.

OCDE iqtisadi artımı sürətləndirmək üçün məşğulluğun və məhsuldarlığın artırılmasını, eləcə də 2023-cü ildə qəbul edilmiş pensiya islahatının davam etdirilməsini vacib hesab edir.

Fransanın iqtisadiyyat naziri Roland Lekür isə bildirib ki, 2027-ci il büdcəsi dövlət maliyyəsinin bərpasına xidmət edəcək. Onun sözlərinə görə, məqsəd 2029-cu ilə qədər büdcə kəsirini ÜDM-in 3 faizindən aşağı salmaqdır.