01 iyul 2026 16:43
81

Tehranda Seyid Əli Xameneinin dəfn mərasiminə hazırlıq görülür

Fevralın 28-də ABŞ-İsrail hücumunda həlak olan İranın mərhum lideri Seyid Əli Xameneinin dəfn mərasiminə hazırlıqlar paytaxt Tehranda yerləşən İmam Xomeyni Musalla məscidində davam edir.

“İki sahil”  İran mediasına istinadla xəbər verir ki, Xameneinin və eyni hücumda həlak olanların tabutlarını yerləşdirmək üçün məscidin həyətində böyük platforma qurulub.

Platformanın ətrafı beton bloklarla əhatə olunub və bu, girişi ciddi şəkildə məhdudlaşdırır. İştirakçıların isti hava şəraitinin öhdəsindən gəlməsinə kömək etmək üçün məscidin həyətində soyutma sistemi quraşdırılıb. Çoxsaylı tikinti maşınlarının və kranların işlədiyi ərazidə görülən güclü təhlükəsizlik tədbirləri diqqəti çəkir.

Xamenei üçün iyulun 3-də, cümə günü dövlət başçılarının, yüksəkvəzifəli şəxslərin və dini liderlərin iştirakı ilə beynəlxalq rəsmi anım mərasiminin keçirilməsi planlaşdırılır.

İctimaiyyətin iyulun 4-də, şənbə günü səhər saat 06:00-da İmam Xomeyni Musalla məscidində mərhumun xatirəsini bir dəqiqəlik sükutla yad etməsi və bundan sonra dəfn mərasimlərinin başlaması gözlənilir.

Xamenei üçün son dəfn mərasiminin iyulun 9-da Məşhəddə keçiriləcəyi bildirilir.