10 oktyabr 2026 01:30
98

Fransada şəxsi məlumatların satışında şübhəli bilinən üç azyaşlı saxlanılıb

Fransada oğurlanmış şəxsi məlumatların yayıldığı internet resursunu idarə etməkdə şübhəli bilinən üç azyaşlı saxlanılıb.

“İki sahil” xəbər verir ki, bu barədə "20 Minutes" portalı Paris prokurorluğuna istinadən məlumat yayıb.

İstintaqın məlumatına görə, sayt mart ayında "Reacher" adı ilə fəaliyyətə başlayıb, iyunda isə "Stryx" adlandırılıb. Resurs ad, telefon nömrəsi və ya avtomobilin qeydiyyat nişanı kimi məhdud məlumatlar əsasında insanlar haqqında ətraflı məlumatları pulsuz və ya ödənişli əldə etməyə imkan verib.

Ehtimala görə, saytın məlumat bazasında təxminən 730 milyon sətir məlumat olub. Resursun fəaliyyəti dövründə istifadəçilər təxminən 3,1 milyon axtarış sorğusu göndəriblər.

İstintaqa mayın 15-də uşaqları internetdə qanunsuz əməllərdən qorumaqla məşğul olan e-Enfance assosiasiyasının müraciətindən sonra başlanılıb.

Saytın ehtimal olunan administratorlarının saxlanılması və resursun fəaliyyətinin dayandırılması üzrə əməliyyat oktyabrın 6–7-də keçirilib. Əməliyyatda Paris prokurorluğunun kibercinayətkarlıqla mübarizə bölməsi və Fransa polisinin Kibercinayətkarlıqla Mübarizə İdarəsi (OFAC) iştirak edib.