01 iyul 2026 12:39
87

Ukrayna Avropa Sülh Fondundan 6,6 milyard avro istəyir

Ukrayna Avropa İttifaqı (Aİ) ölkələrinə müraciət edərək hərbi yardım məqsədilə Avropa Sülh Fondundan (EPF) 6,6 milyard avro ayrılmasını xahiş edib.

“İki sahil” xəbər verir ki, bu barədə "Reuters" agentliyi Ukraynanın müdafiə naziri Mixail Fyodorovun məktubuna istinadən məlumat yayıb.

Agentliyin məlumatına görə, Fyodorov Kiyevin döyüş meydanında 6-9 ay davam edəcəyini təxmin etdiyi müəyyən bir "imkanlar pəncərəsi"ndən yararlanmağı hədəflədiyini bildirib.

2026-cı il üçün müdafiə büdcəsində böyük kəsir

Ukrayna müdafiə nazirinin məktubunda həmçinin qeyd olunub ki, ölkənin 2026-cı il üçün müdafiə sahəsindəki maliyyə ehtiyacları təxminən 136 milyard avro dəyərində qiymətləndirilir. Bununla belə, Ukraynanın daxili dövlət büdcəsi bu məbləğin yalnız 53 milyard avroya yaxın hissəsini qarşılayacaq gücdədir.

Xəbərdə o da xatırladılır ki, bundan əvvəl Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen Ukraynaya pilotsuz uçuş aparatlarının (PUA) satın alınması üçün 3,9 milyard avro ayrılacağını bəyan etmişdi. Bu vəsait, ümumi həcmi 90 milyard avro təşkil edən kredit paketinin bir hissəsidir.