ADRA: Normativ tələblərə cavab verməyən reklam qurğuları mərhələli şəkildə müasir reklam daşıyıcıları ilə əvəz olunur
Şəhər mühitində vizual nizam-intizamın qorunması və estetik görünüşün yaxşılaşdırılması məqsədilə açıq məkanda reklam sahəsində ardıcıl islahatlar həyata keçirilir. Bu istiqamətdə qanunvericiliyin tələblərinə uyğun olmayan reklam qurğularının aradan qaldırılması və müasir standartlara cavab verən reklam infrastrukturunun formalaşdırılması əsas prioritetlərdən biridir.
Mövzu ilə bağlı “İki sahil” qəzetinə açıqlama verən Azərbaycan Dövlət Reklam Agentliyinin (ADRA) mətbuat katibi Hüseyn Azəri bildirib ki, son illər açıq məkanda reklam sahəsində əsas istiqamətlərdən biri qanunvericiliyin tələblərinə cavab verməyən reklam qurğularının sökülməsi, normativ tələblərə uyğun olmayan reklamların yığışdırılması və reklam daşıyıcılarının müasir tipli reklam qurğuları ilə əvəz edilməsidir.
Onun sözlərinə görə, ADRA tərəfindən aparılan monitorinqlər nəticəsində şəhər mühitində vizual qarışıqlıq yaradan reklam elementlərinin aradan qaldırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. H.Azəri qeyd edib ki, bu proses şəhər məkanının daha səliqəli, estetik və müasir görünüşünün formalaşdırılmasına xidmət edir.
Yaqut Ağaşahqızı, “İki sahil”