30 iyun 2026 17:02
85

Litvanın yeni Baş naziri nüvə silahını dəstəkləyən siyasətçi oldu

Litva parlamenti (Seym) Sosial-Demokrat Partiyasının rəhbəri Mindauqas Sinkyaeviçyusu ölkənin yeni Baş naziri vəzifəsinə təsdiqləyib. Seymin plenar iclasında keçirilən səsvermədə siyasətçinin namizədliyinin lehinə 80 deputat səs verib, 2 nəfər əleyhinə olub, 28 parlamentari isə bitərəf qalıb.

“İki sahil” xəbər verir ki, bu barədə "Delfi" portalı məlumat yayıb.

Litvanın keçmiş Baş naziri İnqa Ruqinenenin rəhbərlik etdiyi hökumət iyunun 23-də istefa vermişdi. Buna səbəb hakim koalisiyanın tərkibinin dəyişməsi olub: sosial-demokratlar "Neman üzərində şəfəq" partiyası ilə əməkdaşlığı dayandırıb və özlərinə yeni tərəfdaş olaraq "Litva naminə demokratlar" partiyasını seçiblər.

Yeni Baş nazir bundan əvvəl ölkədə ümumi hərbi mükəlləfiyyətin (məcburi hərbi xidmət) tətbiq olunmasının mümkünlüyünü dilə gətirib.

O, həmçinin respublika ərazisində nüvə silahının yerləşdirilməsini qadağan edən maddənin konstitusiyadan çıxarıla biləcəyini təklif edib: "Mənə belə gəlir ki, bu maddəni sadəcə olaraq konstitusiyadan çıxarmaq doğru olardı. Çünki qonşu ölkələrin konstitusiyalarında bu mövzu ilə bağlı heç nə deyilmir. Biz də bu məsələdə qəti bir mövqe bildirməməliyik."