Baykal gölündə ən böyük daşıyıcı və gəmi sahibi olan "Şərqi Sibir Çay Gəmiçiliyi" (АО «ВСРП») İrkutsk vilayətində yaşanan yanacaq qıtlığı və qiymət artımı ilə əlaqədar məcburi tədbirlərə əl atdığını elan edib. Müəssisə reyslərin sayını azaltmağı və bilet qiymətlərini qaldırmağı planlaşdırır. Şirkət hansı marşrutların ixtisara salınacağı və ləğv edilən reyslərin dəqiq sayı barədə hələlik ətraflı məlumat verməyib.
“İki sahil” xəbər verir ki, bu barədə "Kommersant" məlumat yayıb.
"Şərqi Sibir Çay Gəmiçiliyi" mövcud yanacaq ehtiyatını ilk növbədə regiondakı subsidiyalaşdırılan daşımalara və bərə keçidlərinə yönəldəcək. Şirkətin bəyanatında qeyd olunur ki, indiki şəraitdə əldə olan yanacaq həcmləri prioritet qaydada sosial əhəmiyyətli nəqliyyat öhdəliklərinin yerinə yetirilməsinə xərclənəcək. Reyslərin ixtisarı isə əsasən "müntəzəm və ekskursiya (turizm) marşrutlarına" təsir edəcək.
Daşıyıcı şirkət ləğv edilmiş reyslərin sərnişinlərinə bilet pullarını tam həcmdə geri qaytarmağa hazır olduğunu bildirib. Bununla yanaşı, yanacaq təchizatı normallaşacağı təqdirdə, səfərlərin daha sonrakı tarixlərə keçirilməsi imkanlarına da baxılacağı qeyd olunub.