26 iyun 2026 21:12
97

Kobaxidze: Parlamentdəki insident müxalifətin əsl simasını nümayiş etdirdi

Gürcüstan parlamentində baş verən fiziki qarşıdurma ilə bağlı Baş nazir İrakli Kobaxidze müxalifəti sərt tənqid edib.

“İki sahil” xəbər verir ki, hökumət başçısı parlamentdə jurnalistlərə açıqlamasında iclas zalında yaşananları təəssüf doğuran hadisə adlandırıb.

"İclas zalında gördüklərimiz həqiqətən də təəssüf doğurur. Agentura bir daha öz əsl simasını göstərdi. Deyəcək sözləri qalmayanda təhqirə, sonra isə fiziki zorakılığa əl atdılar", – deyə Kobaxidze bildirib. Baş nazirin sözlərinə görə, parlamentdə baş verən insident müxalifətin davranış tərzini nümayiş etdirir.

"Bu, onların utancverici simasıdır. Təhsili, zəkası, dürüstlüyü və vətənpərvərliyi olmayan insanların fərqli davranması çətindir. Bu gün gördüklərimiz ləyaqətini itirmiş insanların birliyinin nümayişidir", – o vurğulayıb.

İrakli Kobaxidze çıxışında müxalifəti "agentlik" adlandıraraq, onların fəaliyyətini bir əsr əvvəlki gürcü bolşevikləri ilə müqayisə edib.

"Bir əsr əvvəlki bolşeviklərlə bugünkü agentliyin ortaq cəhəti onların agent olmalarıdır. Agentliyə qoşulduğunuz zaman ləyaqətlə davranmaq mümkün deyil. Gənclərə tövsiyəm budur ki, heç vaxt agentliyə qoşulmasınlar", – deyə Baş nazir əlavə edib.

Qeyd edək ki, Gürcüstan parlamentinin yaz sessiyasının son plenar iclasında hakim "Gürcü Arzusu" partiyasının deputatları ilə "Qaxaria Gürcüstan naminə" fraksiyasının üzvləri arasında fiziki qarşıdurma baş verib.