26 iyun 2026 11:54
145

Qüdrətin və Qürurun Təcəssümü - Azərbaycan Silahlı Qüvvələrinin Şanlı Salnaməsi

Dövlətin qüdrəti, ilk növbədə, onun təhlükəsizliyini etibarlı şəkildə təmin edən güclü ordusunda təcəssüm olunur. Azərbaycan Silahlı Qüvvələrinin keçdiyi yol da məhz xalqın milli iradəsini, müstəqillik əzmini və Vətənə bağlılığını əks etdirən şərəfli bir salnamədir.

Azərbaycan milli ordusunun əsası 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti dövründə qoyulmuşdur. Cəmi 23 ay mövcud olmasına baxmayaraq, Cümhuriyyət xalqın yaddaşında müstəqil dövlətçilik ideyasının və milli hərb ənənələrinin əsasını formalaşdırdı. 1918-ci il iyunun 26-da qəbul edilən qərar milli ordunun yaradılması istiqamətində atılmış taleyüklü addım idi. Həmin dövrün hərbçiləri üçün Vətənin keşiyində dayanmaq sadəcə peşə deyil, müqəddəs bir missiya hesab olunurdu. Azərbaycan Xalq Cümhuriyyəti süquta uğrasa da, onun qoyduğu irs, milli azadlıq ruhu və dövlətçilik idealları xalqın yaddaşında yaşayaraq gələcək nəsillərə ötürüldü.

1991-ci ildə dövlət müstəqilliyinin bərpası ilə Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoydu. Lakin ölkənin qarşılaşdığı mürəkkəb siyasi vəziyyət, hərbi çətinliklər və Ermənistanın təcavüzü ordunun formalaşdırılması prosesini xeyli çətinləşdirirdi. Belə bir şəraitdə ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı ölkədə sabitliyin bərpasına və peşəkar ordu quruculuğuna mühüm təkan verdi.

Heydər Əliyev güclü dövlətin etibarlı ordusuz mövcud ola bilməyəcəyini yaxşı anlayırdı. Onun rəhbərliyi ilə Silahlı Qüvvələrdə vahid komandanlıq sistemi yaradıldı, hərbi intizam möhkəmləndirildi, peşəkar zabit hazırlığına xüsusi diqqət yetirildi və ordunun inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildi. Məhz həmin illərdə müasir Azərbaycan Ordusunun möhkəm təməli formalaşdırıldı.

Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu keyfiyyətcə yeni inkişaf mərhələsinə yüksəldi. Həyata keçirilən məqsədyönlü siyasət nəticəsində Silahlı Qüvvələr müasir silah və texnika ilə təchiz edildi, hərbi infrastruktur yeniləndi, şəxsi heyətin sosial təminatı gücləndirildi və ordunun döyüş qabiliyyəti əhəmiyyətli dərəcədə artırıldı.

Aparılan islahatlar nəticəsində Azərbaycan Ordusu regionun ən güclü hərbi qüvvələrindən birinə çevrildi. Bu güc təkcə müasir texnologiyalarla deyil, həm də vətənpərvərlik ruhu, milli birlik və tarixi ədalətin bərpası əzmi ilə möhkəmləndi.

2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Azərbaycan xalqının iradəsinin, ordumuzun peşəkarlığının və Ali Baş Komandanın qətiyyətinin parlaq təzahürünə çevrildi. Cəmi 44 gün davam edən hərbi əməliyyatlar nəticəsində işğal altında olan torpaqlarımız azad edildi və tarixi ədalət bərpa olundu.

Azərbaycan əsgəri böyük qəhrəmanlıq göstərərək Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında şanlı Zəfərə imza atdı. Xüsusilə Şuşanın azad olunması xalqımızın çoxillik həsrətinə son qoyaraq milli qürur mənbəyinə çevrildi. Bu Qələbə şəhidlərimizin qanı, qazilərimizin şücaəti və xalqımızın sarsılmaz birliyi hesabına qazanıldı.

Vətən müharibəsindən sonra keçirilən Zəfər paradları Azərbaycanın hərbi qüdrətinin və milli birliyinin dünyaya nümayişi oldu. Bu gün 26 İyun Silahlı Qüvvələr Günü yalnız hərbi qulluqçuların peşə bayramı deyil, həm də qalib xalqın qürur və iftixar günüdür.

Azərbaycan Silahlı Qüvvələri ölkəmizin təhlükəsizliyinin etibarlı təminatçısı, dövlət müstəqilliyimizin əsas dayaqlarından biridir. Xalq ilə ordunun sarsılmaz həmrəyliyi, dövlət rəhbərliyinin məqsədyönlü siyasəti və vətənə sonsuz sevgi Azərbaycanı daha güclü, daha qüdrətli və daha parlaq gələcəyə aparır.

Qəhrəman əsgərlərimizin xidmət etdiyi bu şanlı ordu xalqımızın qürur mənbəyi olaraq daim dövlətimizin keşiyində dayanacaq, Azərbaycanın müstəqilliyini və ərazi bütövlüyünü əbədi qoruyacaqdır.

Azər ALLAHVERƏNOV,

Milli Məclisin deputatı