24 iyun 2026 16:18
93

Məktəblilərin Respublika İdman Olimpiadasının qaliblərinə gələcəkdə ali məktəblərə qəbul imkanı yaradıla bilər

Məktəblilərin Respublika İdman Olimpiadası bu il ilk dəfə keçirilir və pilot xarakter daşıyır.

“İki sahil” xəbər verir ki, bunu Məktəblilərin Respublika İdman Olimpiadası çərçivəsində keçirilən basketbol yarışları zamanı elm və təhsil naziri, Azərbaycan Basketbol Federasiyasının prezidenti Emin Əmrullayev deyib.

Nazirin sözlərinə görə, uzun illərdir məktəblər arasında bu miqyasda yarış təşkil olunmurdu və Elm və Təhsil Nazirliyi bu təşəbbüsü Gənclər və İdman Nazirliyi ilə birgə həyata keçirir.

“Yarışlar uğurla davam edir. Artıq bir neçə gündür ki, 59 rayondan 2 minə yaxın məktəbli 12 idman növü üzrə mübarizəyə qoşulub. Məqsədimiz fənn olimpiadalarında olduğu kimi, idman sahəsində də kütləvi iştirakçılığı və rəqabəti təmin etməkdir. Növbəti illərdə olimpiada daha da genişlənəcək və təkmilləşdiriləcək. Gələn il yarışların 18 idman növü üzrə keçirilməsini hədəfləyirik. Eyni zamanda, Bakıda təşkil olunan final mərhələsindən əvvəl bölgələrdə keçirilən zona yarışlarının da yüksək rəqabət şəraitində təşkili vacibdir”, – deyə nazir bildirib.

Emin Əmrullayev qeyd edib ki, gələcəkdə bu yarışların qalibləri üçün müəyyən ixtisaslar üzrə ali təhsil müəssisələrinə qəbul imkanlarının yaradılması da nəzərdən keçirilə bilər.

“Digər olimpiada qaliblərində olduğu kimi, bir neçə ildən sonra lazımi keyfiyyət və təşkilati mexanizmlər formalaşarsa, bu yarışların qaliblərinin də müvafiq ixtisaslar üzrə ali məktəblərə qəbuluna şərait yaradıla bilər. Bunun üçün müvafiq qərarların qəbul edilməsi zəruridir. Uzunmüddətli perspektivdə idmanla məşğul olan məktəblilər seçim qarşısında qalmayacaqlar. Onlar həm təhsillərini davam etdirəcək, həm də idmanla peşəkar şəkildə məşğul ola biləcəklər”, – deyə nazir vurğulayıb.

Nazir əlavə edib ki, gələcək planlar universitet təhsili dövründə də gənclərin idman fəaliyyətinin davam etdirilməsini nəzərdə tutur. Belə ki, tələbələr universitetlərarası liqalar çərçivəsində təşkil olunan idman yarışlarında iştirak etmək imkanı əldə edəcəklər.