24 iyun 2026 15:55
146

“Heydər Əliyev irsi: keçmişdən gələcəyə memarlıq körpüsü” - FOTO

Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatı və partiyanın İsmayıllı rayon təşkilatının birgə təşkilatçılığı ilə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində reallaşdırılan İsmayıllı rayonu ərazisində yerləşən “Qaya” istirahət mərkəzində keçirilən “Heydər Əliyev məktəbi” layihəsinin ikinci günündə gənc fəallarla “Heydər Əliyev irsi: keçmişdən gələcəyə memarlıq körpüsü” mövzusunda görüş keçirilib.

“İki sahil” xəbər verir ki, əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Görüşdə iştirak edən YAP İdarə Heyətinin üzvü, partiyanın Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, Milli Məclisin deputatı Asif Əsgərov və YAP İsmayıllı rayon təşkilatının sədri Zaur Muradovun çıxışlarında bildirilib ki, Ulu Öndər Heydər Əliyev hələ ötən əsrin 70-80-ci illərindən başlayaraq Azərbaycanda böyük bir memarlıq və quruculuq hərəkatının təməlini qoyub. O, memarlığı sadəcə binaların inşası kimi deyil, xalqın daşlaşmış tarixi yaddaşı, milli mənsubiyyət pasportu və milli azadlıq ideyalarının vizual təzahürü kimi dəyərləndirirdi. SSRİ dönəminin ideoloji sıxıntılarına baxmayaraq, məhz Heydər Əliyevin cəsarəti və qətiyyəti sayəsində Bakıda və rayonlarımızda ucaldılan abidələrdə, inzibati binalarda milli memarlıq elementləri və ornamentləri ön plana çıxarılmış, respublikamızda unikal bir milli arxitektura məktəbi formalaşdırılmışdır.

Vurğulanıb ki, Ulu Öndər Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi hər iki dövrdə milli memarlıq ənənələrinin qorunmasına və inkişafına xüsusi diqqət yetirib. Ümummilli Lider şəhərsalma prinsiplərini xalqın tarixi yaddaşının və mədəni kimliyinin gələcək nəsillərə ötürülməsi missiyası kimi formalaşdırıb. Ölkəmizin qədim şəhərlərindən olan Gəncənin tarixi simasının qorunması, eləcə də İsmayıllı rayonunun Lahıc və Basqal kimi unikal mədəniyyət və sənətkarlıq mərkəzlərinin bərpası məhz bu uzaqgörən dövlətçilik konsepsiyasının məntiqi nəticəsidir. 

Çıxışlarda Heydər Əliyevin Bakının tarixi mərkəzinin - İçərişəhərin, Şirvanşahlar sarayının, habelə Gəncə, Şəki, Şuşa və Naxçıvan kimi qədim şəhərlərimizin tarixi-mədəni qoruqlarının mühafizəsinə verdiyi müstəsna önəm də xatırladılıb.

Diqqətə çatdırılıb ki, Ulu Öndərin əsasını qoyduğu və bu gün Prezident İlham Əliyev tərəfindən mükəmməl şəkildə davam etdirilən regionların sosial-iqtisadi inkişafı strategiyası bölgələrimizin simasını tamamilə modernləşdirib. İsmayıllının Lahıc və Basqal kimi qədim sənətkarlıq zonalarının qorunması bu diqqətin bariz nümunəsidir.

Bu gün işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda ucaldılan müasir infrastruktur, reallaşdırılan “Ağıllı şəhər” və “Ağıllı kənd” layihələri, əslində Heydər Əliyevin yarımçıq qalmış arzularının və Onun gələcəyə uzanan böyük memarlıq körpüsünün ən parlaq təzahürüdür. Bildirilib ki, gənc YAP fəalları bu tarixi quruculuq və regional inkişaf prosesinin ön sıralarında yer almalı, öz intellektual potensialları ilə dövlətimizə xidmət etməlidirlər.

Görüşdə gənc fəallardan Nicat Bayramov, Ayşən Quliyeva, Turqay Daşdəmirli və başqaları mövzu ilə əlaqədar öz fikirlərini bölüşüblər.

Sonra görüş iştirakçılarının sualları cavablandırılıb.

Layihədə iştirak edən gənclər daha sonra İsmayıllı rayonunun qədim sənətkarlıq və memarlıq mərkəzi olan Lahıc qəsəbəsinə ekskursiya edərək qəsəbənin qədim küçələrini gəzib, misgərlik, xalçaçılıq və digər xalq sənətlərinin yaşadıldığı emalatxanalara baş çəkiblər. Səfər çərçivəsində gənclərə Lahıcın daxil olduğu mədəni irsin dövlət tərəfindən qorunması və bərpası istiqamətində həyata keçirilən layihələr barədə ətraflı məlumat verilib.

Daha sonra yay məktəbi iştirakçılarının intellektual hazırlığını, dünyagörüşünü və natiqlik bacarıqlarını inkişaf etdirmək məqsədilə “History Brainstorm” intellektual oyunu və “Gənc Spiker” debat turniri təşkil olunub. Oyunda fəalların Azərbaycanın şanlı tarixi, mədəniyyəti və dövlətçilik salnaməsinə dair bilikləri yoxlanılıb, müasir çağırışlar, şəhərsalma trendləri və gənclər siyasəti mövzularını əhatə edən debat formatlı turnirdə fəallara öz komanda işi bacarıqlarını nümayiş etdirmək üçün geniş imkanlar yaradılıb.