24 iyun 2026 13:09
97

Qarabağ suvarma kanalı 166 min hektar ərazinin su təminatını yaxşılaşdıracaq

Qarabağ və Mərkəzi Aran bölgələrinin su təminatının yaxşılaşdırılması məqsədilə strateji əhəmiyyətli layihələrin icrası davam etdirilir.

“İki sahil” xəbər verir ki, bu fikirləri Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov Sabirabad rayonunda “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nda pambıqçılıq sahəsində nəzərdə tutulan hədəflərə çatmaq üçün qarşıda duran vəzifələrin müzakirəsi ilə bağlı regional müşavirədə deyib.

Zaur Mikayılov bildirib ki, uzunluğu 172 kilometrdən çox olacaq Qarabağ suvarma kanalı Yevlax, Goranboy, Bərdə, Ağcabədi, Ağdam, Tərtər, Beyləqan və İmişli rayonlarının su təminatında keyfiyyətcə yeni mərhələ yaradacaq.

Agentlik sədrinin sözlərinə görə, layihənin reallaşdırılması nəticəsində ümumilikdə 166 min hektar ərazinin su təminatı yaxşılaşdırılacaq. Bundan əlavə, Bəhrəmtəpə hidroqovşağı əlavə su ilə qidalandırılacaq ki, bu da İmişli, Saatlı, Sabirabad, Biləsuvar və Cəlilabad rayonlarında su təminatının sabitləşdirilməsinə mühüm töhfə verəcək.