23 iyun 2026 18:00
121

Azərbaycan- Türkmənistan iqtisadi əməkdaşlığı sürətlə inkişaf edir

Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun Azərbaycana dövlət səfəri iki qardaş dövlət arasında münasibətlərin inkişafında mühüm hadisə kimi yadda qalacaq. Səfər çərçivəsində keçirilən görüşlər, imzalanan sənədlər və dövlət başçılarının mətbuata verdikləri bəyanatlar Azərbaycan-Türkmənistan əlaqələrinin yeni keyfiyyət mərhələsinə qədəm qoyduğunu nümayiş etdirir. Tarixi, mədəni və mənəvi bağlara söykənən münasibətlər artıq siyasi-iqtisadi, nəqliyyat-logistika və enerji sahələrində strateji əməkdaşlıq səviyyəsinə yüksəlməkdədir.

Azərbaycan və Türkmənistan xalqları ortaq tarixi köklərə, dil, mədəniyyət və mənəvi dəyərlərə malikdirlər. Bu amillər dövlətlərarası münasibətlərin inkişafı üçün möhkəm zəmin formalaşdırıb. Prezident İlham Əliyevin vurğuladığı kimi, münasibətlərimiz möhkəm təməl - tarixi bağlar, mədəni əlaqələr və mənəvi əlaqələr üzərində qurulub.

Son illərdə humanitar əməkdaşlıq xüsusi dinamika qazanıb, həm Azərbaycanda, həm də Türkmənistanda keçirilən Mədəniyyət Günləri xalqlar arasında dostluq münasibətlərinin daha da güclənməsinə xidmət edir. Bakı ilə Aşqabadın, Füzuli ilə Arkadağın qardaşlaşmış şəhərlər elan edilməsi də bu münasibətlərin rəmzi ifadəsidir. Bu təşəbbüslər iki dövlətin yalnız siyasi və iqtisadi deyil, eyni zamanda mənəvi baxımdan da yaxınlığını nümayiş etdirir.

Türkmənistanın işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və quruculuq işlərinə verdiyi dəstək xüsusi əhəmiyyət daşıyır. Prezident İlham Əliyev mətbuata bəyanatında Türkmənistanın Ümummilli Lideri Qurbanqulu Berdiməhəmmədovun təşəbbüsü ilə Füzuli şəhərində məscidin tikintisinə başlanılmasını yüksək qiymətləndirərək buna görə minnətdarlığını ifadə edib. Bu addım yalnız humanitar layihə deyil, həm də qardaşlığın, dostluğun və həmrəyliyin konkret təzahürüdür. Türkmənistanın Qarabağın bərpasına verdiyi töhfə iki xalq arasında qarşılıqlı etimadın və səmimi münasibətlərin göstəricisidir.
Azərbaycan-Türkmənistan münasibətlərinin mühüm istiqamətlərindən biri siyasi dialoqdur. İki dövlət beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstək nümayiş etdirir, regional və qlobal məsələlərdə yaxın mövqedən çıxış edirlər. Türkmənistanın Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Şurasına tamhüquqlu üzv qəbul olunmasına verdiyi dəstək xüsusilə təqdirəlayiqdir. Bu amil Azərbaycanın Mərkəzi Asiya ilə əlaqələrinin daha da genişlənməsinə, regionlararası əməkdaşlığın dərinləşməsinə və yeni geosiyasi imkanların yaranmasına xidmət edir. Bu gün Xəzər hövzəsini əhatə edən məkan təkcə coğrafi deyil, həm də iqtisadi və siyasi baxımdan vahid əməkdaşlıq arealına çevrilməkdədir. Azərbaycan və Türkmənistan bu prosesdə mühüm rol oynayan dövlətlər sırasındadır.

Dünyada nəqliyyat marşrutlarının yenidən formalaşdığı bir dövrdə Azərbaycan və Türkmənistanın əməkdaşlığı xüsusi əhəmiyyət kəsb edir. Hər iki dövlət Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin mühüm aktorlarıdır. Prezident İlham Əliyevin vurğuladığı kimi, bu gün dünyada öz aralarında əməkdaşlıq edən ölkələri birləşdirən çox etibarlı, təhlükəsiz nəqliyyat marşrutları o qədər də çox deyil. Bu baxımdan Azərbaycan və Türkmənistanın birgə fəaliyyəti yalnız iki dövlət üçün deyil, geniş region üçün strateji əhəmiyyət daşıyır. Xəzər dənizi üzərindən həyata keçirilən yükdaşımalar, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Türkmənbaşı Beynəlxalq Dəniz Limanı və Orta Dəhliz çərçivəsində həyata keçirilən layihələr Avropa ilə Asiyanı birləşdirən mühüm logistika şəbəkəsinin əsas elementləridir. Tərəflər yükdaşımaların həcminin artırılması, tranzit imkanlarının genişləndirilməsi və üçüncü dövlətlərdən əlavə yüklərin cəlb olunması istiqamətində əməkdaşlığın daha da gücləndirilməsi barədə razılığa gəliblər.

Azərbaycan və Türkmənistan zəngin enerji ehtiyatlarına malik dövlətlərdir. Hər iki ölkə dünya enerji bazarında mühüm mövqeyə sahibdir. Son illər enerji sahəsində əməkdaşlıq yeni məzmun qazanıb. Xəzər dənizində yerləşən “Dostluq” yatağı ilə bağlı əldə olunmuş razılaşma bunun mühüm nümunəsidir. Bundan əlavə, enerji resurslarının dünya bazarlarına çıxarılması, enerji təhlükəsizliyinin təmin olunması və yeni ixrac imkanlarının yaradılması istiqamətində əməkdaşlıq üçün geniş perspektivlər mövcuddur. Prezident İlham Əliyev qeyd edib: “Türkmənistan və Azərbaycan geniş faydalı qazıntılara və enerji ehtiyatlarına malik iki ölkədir. Belə olan halda biz səylərimizi birləşdirmək üzrə əməkdaşlıq etmək niyyətindəyik”.
Səfər çərçivəsində Azərbaycan və Türkmənistan arasında müxtəlif sahələri əhatə edən bir sıra mühüm sənədlər imzalanıb. Bu sənədlər iqtisadiyyat, nəqliyyat, logistika, enerji, humanitar əməkdaşlıq və digər istiqamətlərdə qarşılıqlı fəaliyyətin genişləndirilməsinə xidmət edir. İmzalanan razılaşmalar iki dövlət arasında əməkdaşlığın institusional əsaslarını daha da gücləndirərək gələcək layihələrin həyata keçirilməsi üçün möhkəm hüquqi baza formalaşdırır.

Azərbaycan-Türkmənistan münasibətləri, eyni zamanda türk dünyasının inteqrasiyasına mühüm töhfə verir. Hər iki dövlət ortaq tarixi-mədəni irsin qorunması, türk dövlətləri arasında əməkdaşlığın dərinləşdirilməsi və regional sabitliyin möhkəmləndirilməsi istiqamətində fəal siyasət həyata keçirir. Müasir dövrdə türk dövlətlərinin qarşılıqlı əməkdaşlığı yalnız siyasi deyil, iqtisadi, nəqliyyat, enerji və humanitar sahələrdə də yeni imkanlar yaradır. Azərbaycan və Türkmənistan bu prosesin aparıcı iştirakçılarından biridir.

İki qardaş dövlət arasında münasibətlər ardıcıl şəkildə inkişaf edir və yeni strateji məzmun qazanır. Tarixi dostluq, qarşılıqlı etimad və ortaq maraqlar üzərində qurulan əməkdaşlıq siyasi dialoqdan nəqliyyat-logistika layihələrinə, enerji təhlükəsizliyindən humanitar əlaqələrə qədər geniş sahələri əhatə edir. İki  ölkə arasındakı münasibətləri yalnız ikitərəfli əməkdaşlıq nümunəsi deyil, həm də Xəzər regionunda sabitliyin, iqtisadi tərəqqinin və türk dünyasının birliyinin mühüm sütunlarından biri kimi çıxış edir.

İsmayıl İbrahimov,
YAP Hacıqabul rayon təşkilatının sədri