Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyində (ADRA) əməkdaşların peşəkarlığının artırılması, şəffaf fəaliyyət prinsiplərinin möhkəmləndirilməsi və korrupsiya risklərinin qarşısının alınması məqsədilə “Korrupsiyaya qarşı mübarizə və etik davranış” mövzusunda növbəti təlimlərə start verilib. “İki sahil” xəbər verir ki, təlimlər “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022–2026-cı illər üçün Milli Fəaliyyət Planı”na uyğun olaraq təşkil olunur və Agentlikdə şəffaflıq, hesabatlılıq və etik idarəetmə mühitinin daha da gücləndirilməsini hədəfləyir.
Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin sədri Ramil İsgəndərli tərəfindən keçirilən təlimlərdə bu dəfə ADRA-nın 42 əməkdaşı iştirak edir. Proqram çərçivəsində korrupsiya anlayışı, reklam sahəsində mövcud korrupsiya riskləri, maraqların toqquşması, etik davranış qaydaları, şəffaflıq prinsipləri, hədiyyələrin qəbul edilməsinə dair məhdudiyyətlər və hüquqpozmalara görə məsuliyyət məsələləri iştirakçıların diqqətinə çatdırılır. İştirakçılar həmçinin praktiki tapşırıqlar vasitəsilə reklam nümunələrini təhlil edir, gündəlik fəaliyyətlərində etik prinsiplərin tətbiqi ilə bağlı fikir mübadiləsi aparırlar. Qeyd edək ki, təlimlərin əsas məqsədi əməkdaşların korrupsiyaya qarşı mübarizə sahəsində bilik və bacarıqlarının artırılması, etik davranış mədəniyyətinin təşviqi və Agentliyin fəaliyyətində şəffaflığın daha da möhkəmləndirilməsidir.