23 iyun 2026 16:27
113

Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi ilə Bakı Dövlət Universiteti arasında Əməkdaşlıq Memorandumu imzalanıb

Azərbaycan Respublikasında məhkəmə ekspertizası sahəsinin müasir çağırışlara uyğun inkişaf etdirilməsi, yüksəkixtisaslı ekspert kadrların hazırlanması və elmlə praktikanın vəhdətinin gücləndirilməsi məqsədilə Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi ilə Bakı Dövlət Universiteti arasında Əməkdaşlıq Memorandumu imzalanıb.

“İki sahil” xəbər verir ki, Memoranduma əsasən qurumlar məhkəmə ekspertizası sahəsində kadrların hazırlanması, tələbələrin praktiki bilik və bacarıqlarının artırılması, elmi-tədqiqat fəaliyyətinin təşviqi, innovativ texnologiyaların ekspertiza proseslərinə inteqrasiyası və birgə elmi nəşrlərin hazırlanması istiqamətlərində əməkdaşlıq edəcəklər. Əməkdaşlıq çərçivəsində Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat, fizika, kimya, biologiya, ekologiya və torpaqşünaslıq, coğrafiya, filologiya, geologiya və hüquqşünaslıq ixtisasları üzrə təhsil alan tələbələri Məhkəmə Ekspertizası Mərkəzində təcrübə keçmək imkanı əldə edəcəklər, həmçinin müvafiq sahələr üzrə ekspertlərin hazırlanmasına yönəlmiş xüsusi təlim proqramları həyata keçiriləcək. Eyni zamanda, məhkəmə-xətşünaslıq ekspertizası, məhkəmə-müəllifşünaslıq ekspertizası, məhkəmə-bioloji ekspertizası, sənədlərin texniki ekspertizası, materialların məhkəmə ekspertizası, məhkəmə-psixoloji ekspertiza, məhkəmə-ballistik ekspertizası, məhkəmə-trasoloji ekspertizası, audio və videoyazıların məhkəmə ekspertizası və məhkəmə-linqvistik ekspertizası sahələri üzrə birgə elmi layihələrin və ixtisasartırma proqramlarının reallaşdırılması nəzərdə tutulur.

Memorandum, həmçinin məhkəmə ekspertizası sahəsində elmi biliklərin genişləndirilməsi, təhsil və təcrübə arasında əlaqələrin möhkəmləndirilməsi, gənc mütəxəssislərin ekspert fəaliyyətinə cəlb olunması və ölkədə ekspertiza fəaliyyətinin beynəlxalq standartlara uyğun inkişafına töhfə verəcək mühüm əməkdaşlıq platforması formalaşdırır.

İmzalanma mərasimindən sonra Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin nümayəndə heyəti BDU-nun müasir infrastukturu, muzeyləri və Elmi Kitabxanası ilə tanış olub.

Qeyd edək ki, Əməkdaşlıq Memorandumu Azərbaycan Respublikası Prezidentinin 11 dekabr 2025-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında məhkəmə ekspertizası sahəsinin inkişafına dair 2026–2030-cu illər üçün Konsepsiya”da nəzərdə tutulan tədbirlərin, o cümlədən məhkəmə eksperti ixtisası üzrə tələb olunan baza ali təhsil sahələrinin müəyyənləşdirilməsi və bu sahələr üzrə ixtisaslı kadrların məhkəmə ekspertizası fəaliyyətinə cəlb edilməsi istiqamətində işlərin həyata keçirilməsi məqsədilə imzalanıb.