Müasir beynəlxalq münasibətlər sistemində dövlətlər arasında qarşılıqlı etimada, ortaq maraqlara və uzunmüddətli strateji baxışa əsaslanan əməkdaşlıq xüsusi əhəmiyyət daşıyır. Azərbaycan və Türkmənistan arasında formalaşan münasibətlər məhz belə əməkdaşlıq modelinin uğurlu nümunələrindən biridir. İyunun 22-də Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun Azərbaycana dövlət səfəri iki qardaş dövlət arasında əlaqələrin yüksələn xətt üzrə inkişaf etiyini və əməkdaşlığın əhatə dairəsinin ildən-ilə genişləndiyini nümayiş etdirir.
Dövlət başçılarının mətbuata verdikləri bəyanat iki ölkə arasında münasibətlərin hazırkı vəziyyətini və gələcək inkişaf perspektivlərini ortaya qoyur. Azərbaycan-Türkmənistan əlaqələri artıq yalnız dostluq münasibətləri ilə məhdudlaşmır, həm də regional və beynəlxalq əhəmiyyət daşıyan strateji əməkdaşlıq səviyyəsinə yüksəlib.
Azərbaycan və Türkmənistan xalqları ortaq tarix, dil, mədəniyyət və mənəvi dəyərlərlə bir-birinə bağlıdır. Əsrlər boyu formalaşan bu yaxınlıq müstəqillik dövründə dövlətlərarası münasibətlərin inkişafı üçün möhkəm zəmin yaradıb. İki ölkə arasında qarşılıqlı hörmətə əsaslanan münasibətlər son illərdə daha da möhkəmlənib. Dövlət başçılarının müntəzəm görüşləri, siyasi dialoqun yüksək səviyyədə olması və müxtəlif sahələrdə əməkdaşlığın genişlənməsi bunun əyani göstəricisidir. Prezident İlham Əliyevin vurğuladığı kimi, münasibətlərimiz möhkəm təməl - tarixi bağlar, mədəni əlaqələr və mənəvi əlaqələr üzərində qurulub. Məhz bu amillər gələcək əməkdaşlıq üçün etibarlı zəmin yaradır.
Türkmənistanın Qarabağda aparılan quruculuq və bərpa işlərinə göstərdiyi diqqət xüsusi əhəmiyyət daşıyır. Füzuli şəhərində məscidin tikintisi təşəbbüsü iki dövlət arasında münasibətlərin humanitar ölçüsünü daha da gücləndirir. Bu təşəbbüs yalnız tikinti layihəsi deyil, həm də qardaş ölkənin Azərbaycan xalqına hörmətinin və dəstəyinin ifadəsidir. Prezident İlham Əliyev Türkmənistanın göstərdiyi bu dəstəyi yüksək qiymətləndirib. İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən layihələr beynəlxalq əməkdaşlığın yeni nümunələrini formalaşdırır və Türkmənistanın bu prosesdə iştirakı xüsusi önəm daşıyır.
Azərbaycan və Türkmənistan iqtisadi potensialı böyük olan dövlətlərdir. Hər iki ölkə zəngin təbii resurslara, əlverişli coğrafi mövqeyə və mühüm tranzit imkanlarına malikdir. Son illərdə ticarət dövriyyəsinin artması, nəqliyyat və logistika sahəsində əməkdaşlığın genişlənməsi iqtisadi əlaqələrin inkişaf etdiyinin göstəricisidir. Dövlət başçılarının görüşündə iqtisadi münasibətlərin dərinləşdirilməsi əsas müzakirə mövzularından biri olub. Hökumətlərarası Komissiyanın fəaliyyəti çərçivəsində yeni layihələrin hazırlanması və həyata keçirilməsi iqtisadi əməkdaşlığın daha da genişlənməsinə imkan yaradacaq. Bu istiqamətdə verilən konkret tapşırıqlar qarşıdakı dövrdə yeni nəticələrin əldə olunacağını təsdiqləyir.
Müasir dövrdə nəqliyyat və logistika qlobal iqtisadiyyatın əsas hərəkətverici qüvvələrindən biridir. Azərbaycan və Türkmənistan bu sahədə mühüm üstünlüklərə malikdir. Xəzər dənizi vasitəsilə həyata keçirilən daşımalar, liman infrastrukturunun inkişafı və beynəlxalq nəqliyyat marşrutlarının genişləndirilməsi iki dövlətin əməkdaşlığında mühüm önəm kəsb edir. Azərbaycanın müasir nəqliyyat infrastrukturu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və Türkmənistanın Türkmənbaşı limanı Avropa ilə Asiyanı birləşdirən mühüm logistika mərkəzləri kimi çıxış edir. Prezident İlham Əliyevin qeyd edib, biz həm birgə səylərimiz nəticəsində artıq artan yük axınlarını daha da artırmaq, həm də üçüncü ölkələrdən yükdaşımaları cəlb etmək üçün nəqliyyat və logistika sektorundakı fəaliyyətimizi daha da əlaqələndirmək barədə razılığa gəldik. İki dövlət arasında mövcud olan yüksək etimad bu sahədə böyük nəticələrin əldə olunmasına şərait yaradır.
Azərbaycan və Türkmənistan dünyanın enerji ehtiyatları ilə zəngin dövlətləri sırasındadır. Hər iki ölkə enerji təhlükəsizliyinin təmin olunmasında və beynəlxalq enerji bazarlarının sabitliyində mühüm rol oynayır. Xəzər hövzəsində həyata keçirilən enerji layihələri, karbohidrogen ehtiyatlarının səmərəli istifadəsi və yeni ixrac marşrutlarının formalaşdırılması dost dövlətlər üçün strateji əhəmiyyət daşıyır. Bu gün enerji əməkdaşlığı yalnız iqtisadi deyil, həm də geosiyasi baxımdan mühüm əhəmiyyət kəsb edir. Azərbaycan və Türkmənistanın bu sahədə birgə fəaliyyəti regionun enerji xəritəsində yeni imkanlar yaradır.
Prezident İlham Əliyevin çıxışında toxunduğu məsələlərdən biri Azərbaycanın Mərkəzi Asiya ilə əlaqələrinin inkişafı olub. Türkmənistanın bu istiqamətdə göstərdiyi dəstək yüksək qiymətləndirilir. Bu gün Xəzər regionu ilə Mərkəzi Asiya arasında formalaşan yeni əməkdaşlıq mühiti böyük geoiqtisadi əhəmiyyət daşıyır. Azərbaycan bu prosesdə mühüm tranzit və əlaqələndirici rol oynayır. Mərkəzi Asiya ölkələri ilə münasibətlərin genişlənməsi ticarət, nəqliyyat, enerji və investisiya sahələrində yeni perspektivlər yaradır. Türkmənistan bu əməkdaşlığın əsas aktorlarından biri kimi çıxış edir.
Azərbaycan-Türkmənistan münasibətləri türk dövlətləri arasında əməkdaşlığın inkişafına da mühüm töhfə verir. Ortaq tarixə və mədəniyyətə əsaslanan bu münasibətlər türk dünyasının siyasi və iqtisadi inteqrasiyasının güclənməsinə xidmət edir. Son illərdə türk dövlətləri arasında əməkdaşlığın genişlənməsi fonunda rəsmi Bakı ilə Aşqabad arasında münasibətlərin inkişafı xüsusi əhəmiyyət kəsb edir. Bu əlaqələr yalnız ikitərəfli deyil, həm də ümumtürk məkanında sabitliyin və tərəqqinin möhkəmlənməsinə xidmət edir.
İki qardaş dövlət arasında münasibətlər yeni inkişaf mərhələsinə qədəm qoyub. Tarixi dostluq münasibətləri bu gün iqtisadi, enerji, nəqliyyat-logistika və beynəlxalq əməkdaşlıq sahələrində konkret layihələrlə zənginləşir. Azərbaycan və Türkmənistan qarşılıqlı etimada əsaslanan strateji tərəfdaşlığı daha da dərinləşdirmək əzmindədirlər. Bu əməkdaşlıq yalnız iki dövlətin milli maraqlarına xidmət etmir, eyni zamanda Xəzər regionunda sabitliyin, təhlükəsizliyin və iqtisadi inkişafın möhkəmlənməsinə mühüm töhfə verir.
Mahir Süleymanlı,
Milli Məclisin deputatı
Azərbaycan və Türkmənistan Xəzər regionunun enerji təhlükəsizliyində əhəmiyyətli rol oynayırlar
Azərbaycan-Türkmənistan münasibətləri yeni mərhələdə: strateji tərəfdaşlığın möhkəmlənməsi