Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun Azərbaycana rəsmi səfəri çərçivəsində Qarabağa gəlişi və Prezident İlham Əliyevlə birlikdə bölgədə keçirdiyi görüşlər təkcə ikitərəfli münasibətlər baxımından deyil, həm də siyasi və simvolik aspektdən mühüm əhəmiyyət daşıyır. Bu səfər Azərbaycanın ərazi bütövlüyünün bərpasından sonra Qarabağda yaranmış yeni reallıqların beynəlxalq səviyyədə qəbulunun növbəti göstəricisi kimi qiymətləndirilə bilər.
Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq layihələri bu gün Qarabağın simasını tamamilə dəyişir. Sərdar Berdiməhəmmədovun bölgəyə səfəri Türkmənistanın Azərbaycanın suverenliyinə, ərazi bütövlüyünə və Qarabağda həyata keçirilən yenidənqurma siyasətinə verdiyi dəstəyin bariz ifadəsi kimi dəyərləndirilə bilər.
Qarabağda keçirilən görüşlər zamanı iki dövlət başçısının bölgədə aparılan tikinti-quruculuq işləri ilə tanış olması xüsusi diqqət çəkdi. Bu, bir tərəfdən Azərbaycanın iqtisadi gücünün və dövlət idarəçiliyi modelinin uğurlarını nümayiş etdirirsə, digər tərəfdən Türk dünyasının ortaq maraqlar ətrafında daha sıx birləşdiyini göstərir. Qarabağın dirçəlişi artıq təkcə Azərbaycanın deyil, bütün türk dövlətlərinin qürur mənbələrindən birinə çevrilməkdədir.
Səfərin ən mühüm mesajlarından biri də Türk dünyasında həmrəyliyin və qarşılıqlı dəstəyin gücləndirilməsi oldu. Azərbaycan və Türkmənistan ortaq tarixə, mədəniyyətə və mənəvi dəyərlərə malik ölkələr kimi son illərdə əməkdaşlıqlarını daha da genişləndirirlər. Sərdar Berdiməhəmmədovun Qarabağa səfəri bu yaxınlığın və qardaşlığın praktik təzahürü kimi xüsusi siyasi məna daşıyır.
Prezident İlham Əliyev dəfələrlə vurğulayıb ki, Qarabağ və Şərqi Zəngəzur Azərbaycanın inkişafının yeni mərkəzlərindən birinə çevriləcək. Bu gün bölgədə inşa edilən müasir şəhərlər, kəndlər, yollar, hava limanları və digər infrastruktur layihələri həmin strategiyanın uğurla həyata keçirildiyini təsdiqləyir. Türkmənistan Prezidentinin bu proseslə yerində tanış olması Azərbaycanın əldə etdiyi nailiyyətlərin beynəlxalq ictimaiyyətə təqdim edilməsi baxımından da əhəmiyyətlidir. Səfər həmçinin göstərdi ki, Azərbaycan və Türkmənistan münasibətləri yalnız siyasi dialoqla məhdudlaşmır, iqtisadi, nəqliyyat, enerji və humanitar sahələrdə də dərin strateji məzmun daşıyır. Qarabağda keçirilən görüşlər bu əməkdaşlığın yeni mərhələyə qədəm qoyduğunu və gələcəkdə daha geniş perspektivlər açacağını nümayiş etdirdi.
Sərdar Berdiməhəmmədovun Qarabağa səfəri Azərbaycan-Türkmənistan dostluğunun növbəti mühüm təzahürü olmaqla yanaşı, işğaldan azad edilmiş torpaqlarda yaradılan yeni reallıqların beynəlxalq səviyyədə qəbulunun və dəstəklənməsinin daha bir nümunəsi kimi tarixə düşdü. Prezident İlham Əliyevlə birlikdə keçirilən görüşlər isə Türk dünyasının birliyinin, həmrəyliyinin və ortaq gələcək hədəflərinin rəmzi kimi böyük siyasi əhəmiyyət kəsb edir.
Jalə Əliyeva,
Millət vəkili,
Milli Məclisin Ailə,qadın,uşaq məsələləri
komitəsinin sədr müavini