23 iyun 2026 14:59
94

“Heydər Əliyev məktəbi” layihəsinin ikinci mərhələsinin açılış mərasimi keçirilib - FOTO

Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatı və partiyanın İsmayıllı rayon təşkilatının birgə təşkilatçılığı ilə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində reallaşdırılan “Heydər Əliyev məktəbi” layihəsinin ikinci mərhələsinin açılış mərasimi olub.

“İki sahil” xəbər verir ki, əvvəlcə İsmayıllı şəhərində müasir müstəqil Azərbaycanın qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin abidəsi ziyarət olunub, dahi şəxsiyyətin əziz xatirəsi ehtiramla yad edilib.

İsmayıllı rayon Heydər Əliyev Mərkəzində keçirilən açılış mərasimindən öncə Lahıc və İvanovka folklor kollektivlərinin ifasında musiqi nömrələri təqdim olunub.

Tədbirdə Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Giriş nitqi ilə çıxış edən YAP İsmayıllı rayon təşkilatının sədri Zaur Muradov layihənin ilk gününün “Dövlət gənclər siyasəti” mövzusuna həsr olunduğunu bildirib. O qeyd edib ki, “Heydər Əliyev məktəbi” gənc partiya üzvlərinin Ümummilli Liderin zəngin dövlətçilik irsini dərindən mənimsəməsi məqsədilə yaradılmış mühüm platformadır. Layihənin əsas məqsədi gənclərə Heydər Əliyev ideyalarını aşılamaq, onların liderlik bacarıqlarını inkişaf etdirmək və gələcəyin güclü kadrları kimi formalaşmalarına dəstək olmaqdır.

Zaur Muradov vurğulayıb ki, proqram Gəncə-Daşkəsən və Qazax-Tovuz iqtisadi rayonlarından olan fəal gəncləri bir araya gətirərək onların həm bilik və bacarıqlarının artırılmasına, həm də qarşılıqlı əməkdaşlıq əlaqələrinin genişlənməsinə xidmət edir. Layihə çərçivəsində iştirakçıları interaktiv dəyirmi masalar, intellektual yarışlar, komanda oyunları və İsmayıllının tarixi-mədəni məkanlarına ekskursiyalar gözləyir.

YAP İdarə Heyətinin üzvü, partiyanın Veteranlar Şurasının sədri Arif Rəhimzadə çıxışında Ümummilli Lider Heydər Əliyevin dövlətçilik təcrübəsi, gənclər siyasətinin əsas istiqamətləri və tarixi varislik məsələlərindən bəhs edib. O bildirib ki, Heydər Əliyev hər zaman gənclərə böyük etimad göstərərək Azərbaycanın gələcəyini məhz onlara etibar edib. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilən dövlət gənclər siyasəti öz müsbət nəticələrini verməkdədir.

Arif Rəhimzadə “Heydər Əliyev məktəbi” layihəsinin gənclərin dövlətçilik ənənələrinə bağlı, yüksək vətəndaş məsuliyyətinə malik şəxsiyyətlər kimi formalaşmasına mühüm töhfə verdiyini vurğulayıb. O, müxtəlif regionlardan olan gənclərin bir araya gəlməsinin əhəmiyyətini qeyd edərək onların fəal, təşəbbüskar və lider ruhlu olmalarının vacibliyini diqqətə çatdırıb.

İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov dövlət gənclər siyasətinin regionlarda uğurla həyata keçirildiyini vurğulayıb. O bildirib ki, İsmayıllının zəngin multikultural mühiti və tarixi-mədəni irsi layihə iştirakçıları üçün xüsusi əhəmiyyət daşıyır.

Qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə gənclərin hərtərəfli inkişafı üçün geniş imkanlar yaradılıb. Lahıc və İvanovka kimi qədim mədəniyyət mərkəzlərinin irsi ilə yaxından tanış olacaq gənclər bu layihə vasitəsilə həm intellektual potensiallarını artıracaq, həm də Azərbaycanın multikultural dəyərlərini daha yaxından mənimsəyəcəklər.

YAP İdarə Heyətinin üzvü, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova çıxışında Ümummilli Lider Heydər Əliyevin dövlətçilik strategiyasında gənclər siyasətinin xüsusi yer tutduğunu bildirib. O vurğulayıb ki, hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən bu strateji kurs gənclərin ölkənin ictimai-siyasi və sosial-iqtisadi həyatında fəal iştirakını təmin edir.

Bahar Muradova milli-mənəvi dəyərlərə və dövlətçilik ənənələrinə sadiq gənc nəslin formalaşdırılmasının vacibliyinə diqqət çəkərək, “Heydər Əliyev məktəbi” kimi layihələrin regional gənclərin potensialının üzə çıxarılması, vətəndaşlıq mövqeyinin möhkəmləndirilməsi və liderlik bacarıqlarının inkişaf etdirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını bildirib.

YAP Mərkəzi Aparatının Təşkilat şöbəsi müdirinin müavini Rafael Gülməmmədov çıxışında Ümummilli Lider Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyasının gənclərin inkişafına daim xüsusi önəm verdiyini vurğulayıb. O qeyd edib ki, partiya sıralarında birləşən gənclər dövlətçilik ənənələrinə sədaqətləri və yüksək ictimai fəallıqları ilə seçilirlər.

Rafael Gülməmmədovun sözlərinə görə, “Heydər Əliyev məktəbi” layihəsi gənc partiya üzvlərinin ideoloji hazırlığının gücləndirilməsi, onların partiyanın fəaliyyətində və müxtəlif regional layihələrdə daha fəal iştirakının təmin olunması baxımından mühüm əhəmiyyət kəsb edir.

Tədbirdə çıxış edən gənc partiya fəalları Pəri İbrahimova və Abbas İsrafilov Heydər Əliyevin zəngin siyasi və mənəvi irsinin gənclərin vətənpərvər və məsuliyyətli vətəndaş kimi formalaşmasında mühüm rol oynadığını bildiriblər.

Açılış mərasimindən sonra gənclər arasında komanda şəklində idman oyunları keçirilib, əyləncə proqramları təşkil olunub.