Qarşıdakı dövrdə kənd təsərrüfatında əsas diqqət hər hektardan daha çox məhsul və daha çox gəlir əldə etməyə yönəlməlidir. Dövlət Proqramının əsas məqsədi də fermerlərin məhsuldarlığını artırmaq, xərclərini azaltmaq, bazarlara çıxış imkanlarını genişləndirmək və kənd təsərrüfatını daha gəlirli sahəyə çevirməkdir.
“İki sahil” xəbər verir ki, bunu Qax rayonunda keçirilən “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın müzakirəsi ilə bağlı regional müşavirədə çıxışı zamanı Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov deyib.
Onun sözlərinə görə, Dövlət Proqramının uğuru ilk növbədə onun yerlərdə düzgün təşkili, səmərəli icrası və bütün iştirakçıların fəal əməkdaşlığı ilə müəyyən olunacaq.
“Qarşıdakı illərdə əldə ediləcək nəticələr hər bir rayonun öz potensialından nə dərəcədə səmərəli istifadə etməsindən, fermerlərin və sahibkarların nə qədər fəal olmasından, dövlət qurumlarının isə üzərlərinə düşən vəzifələri nə dərəcədə operativ və keyfiyyətli yerinə yetirməsindən asılı olacaq. Bu gündən etibarən bütün aidiyyəti qurumlar qarşıya qoyulmuş hədəflərin reallaşdırılması istiqamətində konkret fəaliyyətə başlamalı, rayonlar üzrə prioritet istiqamətləri müəyyən etməli, investisiya layihələrinin hazırlanmasını sürətləndirməli və nəzərdə tutulan tədbirlərin icrasını gündəlik fəaliyyətlərinin mühüm tərkib hissəsinə çevirməlidirlər”, - deyə Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri vurğulayıb.
Şahmar Mövsümovun sözlərinə görə, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi, ixracın artırılması və kənd təsərrüfatında dayanıqlı inkişafın təmini dövlət və özəl sektorun birgə fəaliyyəti olmadan mümkün deyildir: “Dövlət Proqramında nəzərdə tutulan hədəflərə nail olunması yalnız dövlət dəstəyi hesabına deyil, fermerlərin, aqroparkların, emal müəssisələrinin, logistika şirkətlərinin, texnologiya və suvarma həlləri təqdim edən özəl sektor subyektlərinin fəal iştirakı hesabına mümkün olacaq. Qarşıdakı dövrdə özəl sektor yalnız istehsalçı kimi deyil, aqrar dəyər zəncirinin əsas hərəkətverici qüvvəsi kimi çıxış etməlidir. İstehsal, emal, saxlama, logistika, marketinq və ixrac prosesləri bir-biri ilə sıx əlaqələndirilməli, istehsal olunan məhsulun maksimum iqtisadi dəyərə çevrilməsi təmin edilməlidir. Məhz bu yanaşma yüksək gəlirli, daha məhsuldar və güclü ixrac potensialı olan kənd təsərrüfatı formalaşdıracaq. İnanırıq ki, dövlət dəstəyi mexanizmlərindən, yaradılmış infrastrukturdan və mövcud imkanlardan səmərəli istifadə etməklə qarşıya qoyulan bütün göstəricilərə nail olmaq mümkündür. Bu gün səsləndirilən bütün rəy, təklif və qeydlər ümumiləşdirilərək aidiyyəti dövlət qurumlarına təqdim ediləcək, iqtisadi rayonlar üzrə keçirilən müşavirələrin nəticələri əsasında ümumiləşdirilmiş təkliflər paketi hazırlanacaq və Dövlət Proqramının icrası prosesində nəzərə alınacaq”.
Qaxda aqrar sahədə yeni Dövlət Proqramının müzakirəsi ilə bağlı regional müşavirə keçirilib
İnvestisiya Portalı: Sahibkarları və investorları bir platformada birləşdirən dəstək aləti