21 iyun 2026 21:52
112

Bakıda 12-ci Beynəlxalq Yoqa Günü xüsusi yoqa sessiyası ilə qeyd olunub

İyunun 21-də Hindistanın Bakıdakı səfirliyi 12-ci Beynəlxalq Yoqa Günü münasibətilə xüsusi yoqa sessiyası təşkil edib.

“İki sahil” xəbər verir ki, Hindistan səfirliyində təşkil olunan sessiyada çıxış edən səfir Abhay Kumar sağlam qocalmanın sağlam həyat tərzi ilə başladığını bildirib. Onun sözlərinə görə, yoqanı gündəlik həyatımıza daxil etməklə biz uzunmüddətli fiziki və psixoloji rifahımıza sərmayə yatırmış oluruq. Bu da həyatın hər mərhələsində daha fəal, məhsuldar və balanslı yaşam sürməyimizə imkan yaradır.

"Azərbaycanda və dünyanın müxtəlif ölkələrində yoqanın geniş yayılması onun mədəni, dil və coğrafi sərhədləri aşmaq qabiliyyətini nümayiş etdirir. Yoqa sağlamlıq, sülh və harmoniya axtarışında insanları bir araya gətirən həqiqətən qlobal bir hərəkata çevrilib. Bu baxımdan yoqa yalnız fərdi rifaha deyil, həm də icmalar və xalqlar arasında qarşılıqlı anlaşmanın və dostluğun möhkəmlənməsinə xidmət edir.

Bu gün Beynəlxalq Yoqa Günü dünyanın hər yerində böyük coşqu ilə qeyd olunur və siz də bu bayramın bir hissəsinə çevrildiniz. Milyonlarla insan ictimai məkanlarda, təhsil müəssisələrində, iş yerlərində və simvolik məkanlarda təşkil olunan yoqa məşğələlərində iştirak edib. Bu, yoqanın universal cəlbediciliyini, onun müxtəlif mədəniyyətlər və icmalar arasında sağlamlığın, rifahın, harmoniyanın təşviqində artan rolunu bir daha nümayiş etdirir.

Beynəlxalq Yoqa Günündə bir araya gələrək, yoqanın təcəssüm etdirdiyi balans, şüurluluq, mərhəmət və harmoniya kimi dəyərləri mənimsəyək və onları gündəlik həyatımızda yaşadaq. Bununla biz təkcə öz rifahımıza deyil, həm də daha sağlam və dayanıqlı icmaların formalaşmasına töhfə verə bilərik”, – deyən səfir fikirlərini yekunlaşdırıb.

Sonra yoqa müəllimləri Elçin Quliyev (Klassik Yoqa Məktəbi) və Kənan Məmmədovun (Art of Living) rəhbərliyi ilə seanslar keçirilib.

Tədbir çərçivəsində iştirakçılara yoqa köynəkləri, ardınca isə ləziz təamlar təqdim olunub.